Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - AÇIQLAMA
09.11.2020 16:46 İnfrastruktur

Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - AÇIQLAMA

Avqustun 10-dan etibarən Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvvəqəti olaraq dayandırılmışdı. Dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi isə Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar aparılmağa başlamışdı.

Körpünün tikinti işlərini aparan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən tikinti işlərinin 3 ay davam edəcəyi bildirilmişdi. Sabah isə tikintinin yekunlaşdırılması üzrə 3 aylıq müddət başa çatır.

AAYDA-dan həmin körpünün tikinti işləri ilə bağlı "Mediapost"un sorğusuna cavab olaraq bildirildi ki, Agentlik buradakı işini yekunlaşdırıb, yalnız kiçik işlər qalıb:

"Körpüdə dəmir yolu relslərinin quraşdırılması işləri aparılır. Yəqin ki, yaxın günlərdə bununla bağlı işlər yekunlaşacaq və aidiyyəti qurum tərəfindən lazımi açıqlama veriləcək. Hazırda körpünün demək olar ki, tam olaraq tikintisi yekunlaşıb. Müəyyən kiçik işlər qalıb ki, onlar da yaxın müddət ərzində yekunlaşdırılacaq".

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) isə "MediaPost"a bildirildi ki, qurum yaxın günlərdə bununla bağlı rəsmi açıqlama yayacaq: 

"Hazırda bu körpüdə ADY tərəfindən işlər aparılır. Körpünün istismara veriləcəyi və Bakı-Xırdalan-Sumqayıt qatarının hərəkətə başlayacağı tarixlə bağlı məlumat yaxın günlərdə qurum tərəfindən açıqlanacaq". 

Könül Vəliyeva

Gündəm