Bakıda Beynəlxalq Dramaturgiya Festivalı keçiriləcək
31.05.2023 21:50 Mədəniyyət

Bakıda Beynəlxalq Dramaturgiya Festivalı keçiriləcək

Bakıda Lübimovka Beynəlxalq Müstəqil Dramaturgiya Festivalının pyeslərinin oxunuşu keçiriləcək.

MediaPost xəbər verir ki, bu barədə Bakı Marionet Teatrının Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, “Lyubimovkanın Bakıda əks-sədası” 2023-cü ilin 6-iyun – 4 iyul tarixlərində Bakı Marionet Teatrında baş tutacaq.

Lübimovka dramaturgiya festivalı rusdilli dramaturqların qeyri-kommersiya beynəlxalq layihəsidir. Lyubimovkanın məqsədi senzura, siyasi və ideoloji məhdudiyyətlər olmadan azad, bədii və insani ifadə atmosferini yaratmaq və dəstəkləməkdən ibarətdir. Lübimovka festivalı yaradıcılıq və müzakirə məkanını hər hansı dövlətin təbliğatının təsirindən, kommersiya strukturlarının maraqlarından və istənilən xarakterli aqressiv qeyri-insani ritorikadan qorumağa çalışır.

Ən nüfuzlu dram festivallarından olan Lübimovka 30 ildən artıq müddət ərzində Moskvada keçirilib, lakin 2022-ci ilin fevralında Rusiyanın Ukraynanı işğalından sonra bədii idarə heyəti festivalın Rusiyada keçirilməməsinə qərar verib.   Hər dəfə həyat, sağlamlıq, təhlükəsizlik, azadlıq, insan ləyaqəti, qarşılıqlı hörmət, həqiqət və ədalət kimi əsas humanist dəyərlərlə bağlı aktual məsələlərə toxunan Lübimovkanın müstəqillik ruhunu yalnız bu yolla qorumaq mümkün idi.

Bununla bağlı olaraq, Lyubimovka-2022 Qazaxıstanda keçirilib. Eyni zamanda, postfestival coğrafiyası genişləndirilib, Tbilisi, Tel-Əviv, Hayfa, Narva,  Tartu, Paris, Belqrad, İstanbul, Berlin və digər şəhərlərdə Lübimovkanın əsas və müsabiqədən kənar proqramına daxil olan pyeslərin oxunuşu keçirilib.

Bu il “Lübimovkanın əks-sədası” Bakıda da keçiriləcək. 2023-cü il iyunun 6-dan iyulun 4-dək hər çərşənbə axşamı Bakı Marionet Teatrında Lübimovkanın pyesləri səslənəcək. Bakıdakı oxunuşlara rəhbərlik edən dramaturq İsmayıl İmanın pyesləri 2020 və 2021-ci illərdə iki dəfə Lübimovkanın qısa siyahısının düşüb. Tədbirlər çərçivəsində Azərbaycan və rus dillərində pyeslərin oxunuşları, mühazirələr, ustad dərsləri və ictimai müzakirələr keçiriləcək.

Festivala giriş pulsuzdur. Tədbirlərə 18 yaşından yuxarı şəxslər öncədən qeydiyyat yolu ilə iştirak edə bilər.

“Lyubimovkanın Bakıda əks-sədası” Bakı Marionet Teatrı, Teatro.az sənət portalı və Katalizator art-habın dəstəyi ilə keçirilir.

 

Xəbərlər departamenti

Gündəm