Bakıda "kriminal hesablaşma"lar: Cinayətlərin sayı niyə artıb? - ŞƏRH
29.12.2019 11:35 Fikirlər

Bakıda "kriminal hesablaşma"lar: Cinayətlərin sayı niyə artıb? - ŞƏRH

Ölkəmizdə törədilən cinayətlərin sayı ildən-ilə artır. Əvvəllər hansısa bir yerdə cinayət, avtoqəza olardısa, hamı təəccüblə hadisənin necə baş verdiyini və ölüm halının olub-olmadığı ilə maraqlanardı. Bu gün isə belə hallar o qədər çoxalıb ki, bəzən heç reaksiya belə, göstərmədən sadəcə, quruca səbəb axtarırıq. Son bir neçə ildir ki, xüsusilə də qadınların amansız cinayətlərin qurbanı olması halları ilə tez-tez qarşılaşırıq. Təəsüf ki, bu cür cinayətlər qadının ya qardaşı, ya da həyat yoldaşı tərəfindən törədilir.

Burada diqqət çəkən başqa bir məqam da ondan ibarətdir ki, əvvəllər cinayət hadisələri ələ daha tez keçən vasitələr, kəsici-deşici alətlərlə törədilirdisə, indi odlu silahlardan istifadə olunur. Bu cür cinayət hadisələri, şəhərin mərkəzi küçələrində. yaşayış binalarının yaxınlığında baş verir.

Xatırladaq ki, ötən ilin sonundan bu yana dörd səs-küylü "kriminal hesablaşma" motivli cinayət hadisəsi baş verib. Belə ki, 2018-ci il dekabr ayının sonunda paytaxtın Keşlə qəsəbəsində silahlı insident yaşanıb. 10 TO 170 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb. Avtomobildə olan – 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib. Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.

Bakıda kriminal hesablaşma

Bu il may ayının 10-da Bakının Binəqədi rayonunda kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınan Səfərov Emin Ehtiram oğlu şəxsi avtomobilində aldığı çoxsaylı bıçaq zərbələrindən sonra ölüb.

7 iyunda isə Bakının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində silahlı insident baş verib. Belə ki, Budaqlı Mübariz Mürsəl oğlu "Mercedes" markalı avtomobildə olarkən nəqliyyat yolunun üzərində güllənib və hadisə yerindəcə həyatını itirib.

Sonuncu dəfə isə bir həftə öncə - dekabrın 22-də Bakının Yasamal rayonunda "Niva" markalı avtomobildə olan iki nəfər - 1989-cu il təvəllüdlü Zülfü Muradov və 1987-ci il təvəllüdlü İlkin Bağıyev gülləniblər. Hadisədən sonra xəstəxanaya çatdırılan yaralılar həkimlərin müdaxiləsindən sonra həyatı təhlükəni geridə qoyub.


Həmçinin oxu: "Voravskoy" aləmin azyaşlı sakinləri: "Sırf "türmədə" olduqları üçün kütlə maraq göstərir..." - ŞƏRH


Dəyişən və inkişaf edən dünyada yaşanan bu cür cinayət hadisələrinin kökündə nə dayanır? Artımı dayandırmaq üçün hansı tədbirlər görmək olar?

Mövzu ilə bağlı “Cinayət işi” kriminal verilişinin aparıcısı olmuş jurnalist Rəşad Abbasov "MediaPost"-a açıqlama verib.

Bakıda kriminal hesablaşma

O bildirib ki, 2019-cu ilin ilk yarım ili ilə ötən ilin müvafiq dövrünü müqayisə etdikdə cinayət hadisələrində artımın olması müşahidə olunur:

“Amma bu artım bütün cinayət hadisələrinə aid deyil. Bir şeyi qeyd edim ki, motivindən asılı olmayaraq cinayətlərin artmasına baxmayaraq polislərin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət hadisələrinin çoxunun üstü açılıb. Məncə, qanlı hadisələrin əsas səbəbi insanların son zamanlar daha da səbirsiz olmalarıdır. Digər səbəb isə boşanmaların sayının günü-gündən artması da ola bilər. Digər oğurluq, quldurluq və ya başqa oxşar cinayətlər isə demək olar ki, hər il baş verir. Və bu kimi cinayətlər bir çox hallarda məhkumluq həyatı yaşamış insanlar tərəfindən təkrarən törədilmiş olur”.

Mütəxəssis qadınlara qarşı amansız cinayətlərin artım səbəblərinə də aydınlıq gətirməyə çalışıb:

“Qadınların amansız qətllərin qurbanı olmasının səbəbi ailədaxili münaqişələrin hədsiz artması, tərəflərin bir-birinə qulaq asmamasıdır. Ailədaxili münaqişələrin artmasının başlıca səbəblərindən biri isə ərlə arvadın son dövrün məşhur sosial şəbəkələrindən düzgün istifadə etməməsidir. Son vaxtlar ailəli, hətta çoxuşaqlı anaların ailəsini ataraq hansısa sosial şəbəkədə tanış olduğu başqa bir oğlanla qaçması faktları da çoxalıb. Amma bir şeyi deyim ki, nəyin necə olmasından asılı olmayaraq hər kəs qadına şiddətə yox deməlidir. Bunun yeganə yolu sivil qaydada ayrılmaqdır. Məncə, bu, bir-biri ilə dil tapa bilməyən hər iki tərəf üçün əsas çıxış yoludur".

Bakıda kriminal hesablaşma

Jurnalist bəzi insanların kriminal aləmdən bəhs edən filmlərdən təsirlənərək odlu silahlara meyil etməsi fikirlərinə də münasibət bildirib:

"Serialların təsirinin çox olmasını düşünmürəm. Çox cüzi ola bilər. Çünki qanuni və ya qeyri-qanuni silahı olan şəxslərin əksəriyyəti təbii ki, bunu serial və ya hansısa filmdə gördüyü üçün əldə etməyib. Belə baxanda "Kurtlar Vadisi" serialı məncə 10 il əvvəl var idi və orada da kifayət qədər silahlardan istifadə olunan səhnələr nümayiş olunurdu. Bu gün ölkədə əgər şəhərdə odlu silahla hadisə törədilirsə, bunun sayı çox deyil. Və digər ölkələrlə müqayisədə Azərbaycanda odlu silahla cinayət törətmə faktları qat-qat azdır".

R.Abbasov onu da əlavə edib ki, baş vermiş cinayət hadisələrinin KİV-də geniş göstərilməsi bu kimi cinayətlərin artmasına çox cüzi halda səbəb ola bilər:

“Bir misal göstərim. Vaxtilə mən ANS TV-də işləyəndə, intiharların artmasını nəzərə alıb uzun müddət bu kimi xəbərlərin yayımını dayandırdıq. Sonra statistikanı analiz etdim və gördüm ki, azalmaq əvəzinə əksinə həmin dövrdə intiharlar artıb. Odur ki, bu kimi hadisələri düzgün şəkildə çatdırmaqla gələcəkdə cinayət törədə biləcək insanları bu yoldan hansısa formada çəkindirmək də olar. Cinayətlərin üstünün açılması üçün paytaxtda güclü sistemin qurulduğuna əminəm. İstər təhlükəsiz şəhər kameraları, istərsə də digər müşahidə kameraları bir çox cinayət hadisələrinin üstünün açılmasına yardım edir. Deyərdim ki, bu böyük bir irəliləyişdir. Amma cinayət hadisələrinin qarşısını almaq tam olaraq inanmıram ki, nə vaxtsa mümkün olsun. Çünki cəmiyyət varsa, cinayət də olacaq. Sadəcə, sayının azalması üçün bu istiqamətdə insanları maarifləndirəcək verilişlər hazırlanmalıdır və təlimlər keçirilməlidir. Sonda deyərdim ki, hər şeyin təməlini orta məktəb illərindən qoymaq lazımdır”.


Xəbərlər departamenti

Gündəm