Bakıda naməlum iş elanı: "Sizi orada qarşılayacaqlar..."
24.02.2020 15:41 Fikirlər

Bakıda naməlum iş elanı: "Sizi orada qarşılayacaqlar..."

Paytaxtın müxtəlif ərazilərində, obyektlərin divarlarına, dayanacaqlara yapışdırılmış və ya ayrı-ayrı şəxslər tərəfindən paylanılan iş elanları çoxumuza tanışdır. Adətən, belə elanlarda iş verən şirkətin adı, tələb olunan iş növü ilə bağlı detallı məlumat verilmir. Bu da elanların etibarlılığını şübhə altına alır.

Belə iş təkliflərindən birini yoxlamaq üçün elanda qeyd olunan nömrə ilə əlaqə saxladıq. Hacı olduğunu deyən şəxs ali savadlı gənclərə üstünlük verdiklərini, işin seçim turlarından sonra müəyyənləşdiriləcəyini desə də, ətraflı məlumat verməkdən çəkindi. İş verən müəssisənin xarici şirkət olduğunu deyən şəxs iş yerinin ünvanını da dəqiq açıqlamadı. Əvəzində “siz filan ünvana gəlin, biz sizi qarşılayarıq” söylədi. O, həmçinin gənc xanımların işə götürülmə ehtimalının yüksək olduğunu xüsusilə vurğuladı. Bundan əlavə naməlum şirkət dövlət işlərindən ayrılmış şəxsləri də işə dəvət edir.

Bakıda naməlum iş elanı: Sizi orada qarşılayacaqlar...

Mövzu barədə “MediaPost”a danışan biznes məsləhətçisi Elçin Zeynalov bu üsuldan dünya praktikasında geniş istifadə olunduğunu bildirib:

“Elə şirkətlər var ki, müvəqqəti və yaxud da aztəminatlı vəzifələr üçün iş yerləri təminatı ilə məşğuldurlar. Yəni korporativləşməmiş belə iş yerlərinin davamlılığı mövsümdən və sahələrdən asılı olaraq dəyişir. Məsələn, isti mövsümlərdə meyvə yığımı üçün fəhlə və ya yay mövsümündə dondurma satıcısı axtarırlar. Bu, normal tendensiyadır və dünyanın hər yerində yayılıb. Adətən, belə şirkətlər təhsilsiz, ixtisassız, daha çox fəhlələr üçün iş imkanlarını bu tip elanlar vasitəsilə yayır. Belə şirkətlərdə bilik səviyyəsi, vəzifəyə tələbat minimum aşağı olur deyə geniş məlumat vermək ehtiyacı görmürlər. Bu cür müəssisələrdə həm də vergidən yayınma halları olduğu üçün işə götürənlə işçi arasında müqavilə imzalanmır”.

Bakıda naməlum iş elanı: Sizi orada qarşılayacaqlar...

Ekspert bəzi şəxslərin və ya müəssisələrin iş elanı adı altında fırıldaqla məşğul olduğunu deyib:

“Elə “şirkətlər” də var ki, vətəndaşları işlə təmin edəcəklərini deyərək, onları tələyə salırlar. Belə iş yerlərinin əməkdaşları müraciət edən şəxslərlə görüşüb, heç bir iş olmadan hansısa blankın doldurulmasına görə ödəniş alırlar və yaxud da başqa yollara baş vururlar”.

E.Zeynalov vətəndaşlara naməlum iş elanları vasitəsilə müraciəti tövsiyə etmədiyini bildirib:

“Bir çox hallarda detallı məlumat verilməyən iş elanlarında əmək münasibətləri hüquqi müstəvidə tənzimlənmir. Yəni işşçi ilə işəgötürən arasında nə əmək, nə də xidmət müqaviləsi bağlanır. Bu da o deməkdir ki, sabah işçinin başına hər hansı bir bədbəxt hadisə gələrsə, işəgötürən məsuliyyət daşımayacaq. Ona görə də faydalılıq olsa da, belə iş yerlərində risk faktoru böyükdür”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm