Bakının "dərdi" var: "Vətəndaşlar şikayət etsələr, tədbir görüləcək" - DİN-dən açıqlama
09.12.2019 14:16 Fikirlər

Bakının "dərdi" var: "Vətəndaşlar şikayət etsələr, tədbir görüləcək" - DİN-dən açıqlama

Günü-gündən müasirləşən, turistlərin axın etdiyi ölkəmizdə arzuolunmaz mənzərələrə də rast gəlinir. Elə insanlar var ki, evlərini tez-tez təmir etdirir, xarici görünüşünə önəm verir, amma ətrafı nəzərə almır. Evində olan zibili ya eyvandan çölə atır, ya da yaşadığı mənzilin qarşısına qoyub gedir. Nə qədər utancverici bir hal olsa da, qeyd etmək lazımdır ki, bəzən insanlar binanın liftində təbii ehtiyaclarını ödəyir.

Bu cür çirkinliklərlə mənzil sahibləri də özünəməxsus tərzdə mübarizə aparmağa çalışır. Yəqin ki, hər kəs bir dəfə də olsun binaların içərisində, həyətlərdə "bura zibil atanın atasına lənət", "zibil atanın ölüsünə, dirisinə lənət", "Ay eşşək, bura zibil atma" kimi yazılarla qarşılaşıb.

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu ənənə sovet dövründən formalaşıb:

Bakının dərdi

“Sovet dövründə hər məsələyə qarşı etinasızlıq hökm sürüb. O vaxt proletar mədəniyyəti deyilən anlayış olub. Proletarlar aşağı təbəqədən olan insanlar idi. Yuxarı təbəqənin insanı olan bəylər, zadəganlar davranışlarında daim səliqə nümayiş etdirirdilər. İslam dini də insanlara səliqəli, təmizkar olmağı aşılayırdı. Lakin sovet dövründə bu cür məsələlər arxa plana keçdi. Azərbaycanda o gərgin hadisələr start götürəndən sonra qaçqın həyatı başladı və rayon əhalisi kütləvi olaraq Bakıya axın etdi və o cür natəmizlik çoxalmağa başladı”.

Ekspert hesab edir ki, müasir dövrdə hələ də davam edən bu ənənədə özümüz günahkarıq:

“Müstəqillik qazandıqdan sonra aparacağımız əsas maarifləndirmə işlərindən biri də bu davranışla bağlı məsələdir. Davranışa təsir edən 4 mühüm amil var. Fitrət, mühit, alınan informasiya, üstünlük verilən dəyərlər insanların formalaşmasında böyük rol oynayır. Biz çox təəssüf ki, davranışla bağlı elmi şəkildə işlər aparmırıq. Bu işdə boşluq var və bu yöndə ciddi işlər aparılmalıdır. Ona görə də, gənclərimizdə, əhalinin başqa təbəqələrində davranışına nəzarət sahəsində vərdişlər, anlayışlar lazımi səviyyədə deyil. Hətta bu cür hərəkəti qəhrəmanlıq kimi dəyərləndirlənlər də az deyil. Belə insanlar sanki sərbəst olmasını ətrafa sübut etməyə çalışırlar”.

Sosioloq sözügedən problemin həlli yollarından danışarkən bildirib ki, orta məktəblərdə bu sahədə ciddi şəkildə işlər aparılarsa, müsbət nəticə əldə olunar: “Şagirdlərimizlə söhbətlər aparsaq, televiziyalar şit verilişlər əvəzinə daha informativ verilişlər versə, ölkədə tamam başqa ovqat yaranar. Bu məsələ nə qədər kiçik görünsə də, ölkəmiz üçün çox böyük problemə çevrilə bilər”.

Bakının dərdi

Mövzunun hüquqi tərəfi ilə əlaqədar açıqlama verən vəkil Vamiq Şükürov bildirib ki, bununla bağlı hər bir şəxs inzibati qaydada məsuliyyət daşıyır:

“Konkret olaraq küçədə, bayırda həyətdə qanunla müəyyən olunmuş zibil qablarından kənara atılan tullantılara görə cərimələr nəzərdə tutulub. Bu cür əməli törədənlər İnzibati Xətalar Məcəlləsi 266.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə 50 manata qədər cərimə ödəməlidir. Eyvanlardan yerə zibil atanlar üçün də 50 manat cərimə nəzərdə tutulub. Həmçinin 327.1. maddə ilə nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat cərimə yazılır. Amma əsas məsələ burasındadır ki, belə faktlara görə, mən eşitməmişəm ki, kimsə cərimə ödəsin. Küçələrdə bu cəriməni polis yazmalıdır. Ara-sıra ola bilər ki, protokol tətbiq edilsin. Lakin eyvandan yerə zibil atanların cərimə yazılması faktı ilə hələ rastlaşmamışam”.

Bakının dərdi

Bu barədə həmçinin Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Mediapostaz-a açıqlama verib:

Ehsan Zahidov bildirib ki, məişət tullantılarının zibil qutularından kənara atılması ilə bağlı bizim aidiyyatı qurumlar tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir:

“Vətəndaşlar yaşadıqları binanın eyvanından kənara zibil atırlarsa, həmin əraziyə nəzarət edən mənzil istismar sahəsinin əməkdaşları buna diqqət etməlidir. Bu məsələ həm də insanın öz vicdanına qalıb. Lakin bununla bağlı narazılığı olan insanlar ərazi üzrə polis orqanlarına şikayət etsinlər, bu barədə lazımi tədbir görüləcək”.

Xəbərlər departamenti

Gündəm