Bakının sağalmayan “yarası” - parkinq problemi
11.12.2019 07:57 Fikirlər

Bakının sağalmayan “yarası” - parkinq problemi

Avtomobilləşmənin sürətlə getdiyi bir vaxtda ən böyük problemlərdən biri də parkinqdir. Böyük şəhərlərdə avtomobillərin parkinq probleminin olması təbiidir. Əvvəlcə problemin yaranma səbəbləri barədə.

İlk məsələ avtomobillərin parklanması üçün münasib şəraitin olmamasıdır. Burada müxtəlif səbəblər - əlverişli yer, qiymət, o cümlədən əlçatanlıq mühüm rol oynayır. Təbii ki, gedəcəyin yerin yaxınlığında parkinq varsa, cərimələnməmək və əlavə xərclərdən xilas olmaq üçün istifadə etmək daha münasibdir. Amma burada qiymət məsələsi önə çıxır. İki saat üçün 3 manat ödəniş tələb olunan parkinqlə müqayisədə küçədəki “parkovşikin” (BNA əməkdaşı - Mediapost.az) 1 manatlıq xidməti daha cəlbedici gəlir. Bu isə çox zaman əlavə problemlər yaradır. Yolun hər iki tərəfi “1 manatlıq” parkinqə çevriləndə avtomobillərin hərəkəti çətinləşir.

İkinci ən böyük problem insan faktorudur. Avtomobili harada gəldi saxlayıb getmək kimi “adəti” olan sürücülər az deyil. Hətta bəziləri üçün Bakı Nəqliyyat Agentliyinin 20 manatlıq cəriməsinin də o qədər önəmi olmur. 100-150 minlik avtomobil idarə edən üçün üçün 20 manat o qədər də böyük məbləğ deyil.

Bakının sağalmayan “yarası” - parkinq problemi

Bəs bu problemi necə həll etməli?

Təbii ki, şəhərin hər yerini parkinq etmək mükün deyil. Amma mövcud dünya təcrübəsinə əsasən çoxmərtəbəli parkinqlərin tikilməsi və istifadəsi daha məqsədəuyğundur. Bakıda cəmi iki yerdə bu cür parkinq var. Həmin yerlərdə isə qiymətlər elədir ki, yenə “küçəni işğal etmək” sürücü üçün daha sərfəli olur.

Digər tərəfdən Bakı Nəqliyyat Agentliyinin tətbiq etdiyi sistem o qədər də uğurlu deyil. Küçə və prospektlərdə saxlayan avtomobilləri ucdantutma cərimələmək və ya evakuasiya mexanizmi də düzgün hesab edilmir. Çünki avtomobillər haradasa dayanmalıdır. Buna görə də əvvəl onlar üçün əlverişli parkinq təşkil edib sonra cərimələmək lazımdır.


Həmçinin oxu: Yol qəzaları ən çox hansı hallarda baş verir? - ARAŞDIRMA


Amma təəssüf ki, mövcud durum o qədər də ürəkaçan deyil. Bakının küçələrində qoluna qırmızı bağlamış və yaşıl jiletlər geyinmiş insanlar var ki, gündəlik olaraq sürücülərdən parkinq üçün pul yığırlar. Təbii ki, həmin yığılan pulun hara getməsi də aydın deyil. Çünki mövcud qanunvericiliyə görə parkinq yaratmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindədir. BNA isə bu parkinqlərin onlara aidiyyatı olmadığını deyir. Deməli, mövcud vəziyyət dəyişməlidir. Çünki hazırkı durumla problemi həll etmək mümkün görünmür.

Prezident İlham Əliyev bir müddət əvvəl “Koroğlu” mübadilə mərkəzinin açılışında iştirak edən zaman parkinq məsələsinədə toxunmuşdu. BNA rəhbəri isə hazırda Bakı şəhərində 600-ə yaxın yerdə parkinq yerlərinin müəyyən olunduğunu bildirmişdi. Yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə işlər başlayar. Parkinq məsələsi vahid mərkəzdən idarə olunarsa, o zaman qiymət strategiyası da konkretləşər.

Bakının sağalmayan “yarası” - parkinq problemi

Bəlkə Kanada təcrübəsini tətbiq edək?

Digər bir problem isə hətta parkinq olduğu halda dayanma-durma qaydalarını pozan sürücülərdir. Şəhərin dar küçələrində, kamera və BNA əməkdaşlarının olmadığı ərazilərdə, hətta səkiləri zəbt edən sürücülər, piyada keçidlərində avtomobil saxlayanlar, hərəkət zolağını tutanlar az deyil. Bunlarla mübarizə üsulu da müəyyən olunmalıdır. Məsələn, Kanadada avtomobili düzgün park etməməyə görə cərimə olduqca yüksəkdir. Duruma görə bu 250-500 dollar arasında dəyişir. Üstəlik də eyni qaydanı təkrarən pozmuş şəxslər məhkəməyə çıxarılır və barələrində qərar qəbul olunur ki, bəzi imtiyazlardan məhrum olurlar.

Təbii ki, bu cür sərt metod insanlarda da məsuliyyət hissi yaradır. Yəqin ki, yaxın keçmişə qədər təhlükəsizlik kəməri məsələsini xatırlayırıq: cərimələr artırıldıqdan sonra təhlükəsizlik kəmərindən istifadə artmağa başladı. Hazırda hətta xüsusi texniki vasitələrin elektron olaraq təhlükəsizlik kəmərinə cərimə tətbiq etməsi artıq bu problemi minumuma endirib. Deməli, məsələlərin həlli yolu var və qısa müddət ərzində cəmiyyəti də buna alışdırmaq olar.

Düşünürük ki, həm inzibati metodların tətbiqi, həm də müasir innovasiyalardan istifadə edərək bu sağalmayan “yaraya” dərman tapmaq olar.

P.S. Neftçilər prospektində axşam saat 8-dən sonda ən sağ zolaqda avtomobillər saxlayır və insanlar Dənizkənarı Milli Parkda istirahət edirlər. BNA əməkdaşları isə ucdantutma həmin sürücülərə cərimə tətbiq edirlər. Halbuki 6 zolaqlı yolda ən sağ zolaq heç sürücülər tərəfindən istifadə olunmur və orda avtomobil saxlamaq maneə yaratmır. Məsələyə bu cür yanaşsaq “yaraya” dərman tapmaq çətin olacaq...

Teymur Məmmədov, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm