Bakıya qayıdan 2 nəfərdə yüksək temperatur aşkarlandı - AÇIQLAMA
16.02.2020 10:20 Hadisə

Bakıya qayıdan 2 nəfərdə yüksək temperatur aşkarlandı - AÇIQLAMA

"MediaPost" bildirir ki, etibarlı mənbələrdən “Report”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yüksək temperatur aşkarlanan Azərbaycan vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Hazırda onlar klinikadadırlar və həkimlər tərəfindən müayinə edilirlər. Onlar karantin bitənədək həkim nəzarəti altında olacaqlar.

1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov isə Trend-ə açıqlamasında həmin vətəndaşlarda koronavirus şübhəsinin olmadığını deyib: "Həmin şəxslərdə yüksək hərarət aşkar edilməyib. Cəmi 2 nəfər xəstəxanaya yerləşdirilib. Onlar artıq karantin müddətini keçəndən sonra Azərbaycana gətirilib və koronavirus şübhəsi yoxdur. Hərarətləri 37.3 dərəcə olub. Hazırda onlar müayinə edilirlər. Səhhətləri normallaşandan sonra evə buraxılacaqlar".

Ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlayıb.

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı, əksəriyyəti tələbələr olan 6 Azərbaycan vətəndaşı da təxliyə edilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm