Banan və “skotç” haqqında dastan
25.12.2019 10:01 Fikirlər

Banan və “skotç” haqqında dastan

Banan mövzusunda sonsuzluğa qədər improvizə etmək olar. Bu məsələyə bir çimdik erotika qatmağa heç ehtiyac da yoxdu. Gəlmə meyvə olsa da, xalqın erotik yaradıcılığında xiyar, badımcan və s. uzunsov predmetləri çoxdan sıxışdırıb çıxarıb. Axı banan şirindir və onu hər zaman yemək istəyirsən...

Ola bilər elə bananı erotik məzmunu onu müxtəlif art layihələrin əsas personajına çevirir. Hazırda bütün dünya divara skotçla yapışdırılmış art-instolyasiyanı və onun nəticələrini müzakirə edir. İtalyan rəssamı Maurusio Kattelan dünyanın ən adi bananını divara ən adi gümüşü “skotç”la yapışdıraraq dünya üzrə ən qalmaqallı sənət əsərlərini sərgiləyən Mayamidəki Art Basel qalereyasında tamaşaçıların, həmçinin ehtimal ki, sənət tənqidçilərinin ixtiyarına verdi. Sənətkarın bəxti üzdəymiş, bizim meyarlar ilə ölçüləsi, olsa əsərə qoyulmuş fantastik qiymət – 120 min dollar elə ilk sərgi günündə ödəndi. “Əsəri” (bu mötərizə xalqın, həmçinin müəllifin sonsuz etirazının simvolu kimi yazıda cəmi bir dəfə parlayacaq) iki nəfər kolleksioner – bəxtəvərmi, ya axmaqmı deyək (?!) – aldı. Məlumdur ki, ödənib alınmış əsərlər vernisajın sonuna qədər tamaşaçıların gözünü oxşamaqda davam etməlidir. Yəni əsərin sahibləri onu yalnız bir neçə gündən sonra götürə biləcək. Bananın o qədər də təzə olmaması, üstünə xal düşməsi də heç kimi narahat etmir. Hətta ola bilərdi ki, vernisaj bitən günü sahiblər əsəri aparmaq istəməyəcəkdi. Dünya doludur qət təzə bananlarla, qaralmış banan nəyə lazımdır ki?

Əhvalat bununla bitsəydi yəqin o qədər də rezonans yaratmayacaqdı. Sərginin ikinci günündə, yəni camaat divara yapışmış məsum görkəmli bananın dalınca alıb verəndən, onunla şəkil çəkdirəndən və unutmağa hazırlaşandan sonra daha bir rəssam – David Datuna – sərgilənmiş bananı divardan qoparıb hamının gözü qarşısında yedi. Bu perfomansın adı “Ac rəssam” idi. Onun dediyinə görə banan çox dadlı imiş. Əlbəttə, biz bunu bilə bilmərik.

Divara yapışmış və 120 min dollara satılmış banan hələ məsələnin ən ucuz hissəsi imiş. Müəllif bu cür banandan artıq ikisini sata bilib. Bir qədər sonra elə bir alıcı əmələ gəldi ki, bananı 150 minə almağa razılaşdı. Əvəzində ona bir sertifikat verəcəkdilər. Burada xüsusi qaydada, sərgi salonunun möhürü və imzası ilə təsdiqlənmiş sənəddə tam ciddi şəkildə qeyd ediləcəkdi ki, bu, adi banan deyil, art-obyektdir. Ona bananı divara necə yapışdırmaq barədə xüsusi təlimat kağızı veriləcəkdi. Bu təlimatı müəllif özü şəxsən hazırlayıbmış.

Çoxseriyalı absurd filmi kimi davam edən bu əhvalatın yekununda yeri boş qalmış divarda daha bir perfomans əmələ gəldi. Qırmızı boya ilə “Epşteyn özünü öldürməmişdi!” yazılmış plakatda bir etiraz olduğuna görə çox davam gətirmədi. Qalereyanın mühafizəsi həmin “əsəri” tezliklə divardan qopartdı. Bu mətndə insan alveri və seksual zorakılıq ittihamı ilə azadlıqdan məhrum edilmiş milyarder Cefri Epşteynin kamerada öldürülməsi məsələsi gündəmə gətirilirdi. Deyilənə görə, məhkum ölən gün nədənsə bütün mühafizə eyni vaxtda yuxuya getmişdi deyə özünəqəsd deyilmiş.

Dünyanı heyrətləndirmiş və güldürmüş bu banan məsələsinə biz, yəni orta statistik azərbaycanlı gözüylə baxası olsaq, mənzərə fərqli görünür. “Banan və skotç” rəvayətinə onu yaratmış rəssam, onu yemiş rəssam və bu məsələdən ilhamlanmışlar mövqeyindən baxmaq maraqlı olardı. Maurusio Kattelanı danışdırsaq o deyir ki, banan ideyası üzərində bir ildən artıq “işləyib”. Onun sözünü ciddi qəbul etsək görərik ki, müəllif bananı əvvəl tuncdan, ya da gümüşü rəngə boyanmış ağac qətranından hazırlamaq istəyirmiş. Sonunda banan sadəcə banan olmağında qaldı. Müəllif deyir: “Hara getsəm. divarda banan görürdüm elə bil. Heç cür bu əsəri bitirə bilmirdim”. Əsəri həyata gətirən ideya barədə isə rəssam heç danışmaq istəmədi. Qalereya ilə müqavilədə deyilirdi ki, əgər əsəri, yəni qaralmış bananı alan olmasa onu tullayacaqlar. Yəni almasaydılar müəllif 390 min dollardan məhrum olacaqdı. Bəxti üzdə olan Kattelan rəssam olana qədər özünü müxtəlif sahələrdə sınayıb, aşbaz da, bağban da, mühafizəçi də işləyib. O, “La Nona ora” adlı işindən sonra məşhurlaşdı. Bu heykəl meteorit zərbəsindən sonra yerə yıxılmış Roma Papasını təsvir edir. Əsər məşhur “Cavan ata” serialının əvvəlində göstərilir deyə çox tanınır. Deyək ki, bu əsər heç də ucuz deyildi, onu 800 min dollara aldılar. Deyəsən, məhz bu işdən sonra həvəslənən, yəqin ki, pullanan Maurusio 750 əyarlı qızıldan hazırlanmış unitazı (əsərin adı “Amerika”dır) tamaşaçıların ixtiyarına verdi. Əlbəttə ki, öz dəyərini almış bu “əsər” də diqqətdən kənarda qoymadılar. Böyük Brotaniyanın Blenheym sarayında yer almış unitaza missiyasını yerinə yetirmək imkanı vermədilər, milyon avrodan artıq qiyməti olan bu iş tezliklə oğurlandı. Biz kənardan baxıb gülümsəyə və “Görəsən, qızılını əridib lom kimi satacaqlar?”, “Amerika heç imkan verərdi ki, hər gün başına “dövlət” yağdırsınlar?!” kimi mülahizələr də yürüdə bilərik. Amma biz yenə də həyatın yanımızdan çay kimi ötüb keçməsinə tamaşa etməkdə davam edəcəyik.

Əlbəttə, oralarda varlı, imkanlı və hər gic-gici əsərini sata bilən rəssamlarla yanaşı “Komediant” əsərini divardan götürüb dişinə çəkən ac rəssamlar da var. Amma bu da bir tamaşa idi. Çünki qalereya həmin bu banansevər rəssam Datuna qarşı heç bir addım atmayacağını bəyan etdi. Bir də ki, bananı yenisiylə əvəz etməyə nə vardı ki?! Onsuz da müəllif divardakı banana görə narahatlıq keçirmədiyini demişdi. Ola da bilər ki, oğurlanmış qızıl unitaz ona dərs olub və təbii materiallara keçməyə məcbur olub. Əlbəttə, “banan rəssamın aclığını ödədimi?”, ya da “bədii aclıq hissini banan ödəyə bilərmi?” kimi ağıllı suallar qoymaq da olardı. Niyə soruşub özümüzü biabır edək, bu sualların həqiqi cavabını hər kəs bilir və ağlı başında olan insan akrobatik hərəkətlərə daha çox oxşayan çoxmərtəbəli cavabların mahiyyətində duran həqiqəti də görür. Müasir sənət özü artıq böyük bir fləşmobdur.

Bu banan əhvalatının əsl sənətə dəxli olmadığını düşünmək, cavabında çeşidli, müxtəlif üslublu Azərbaycan rəssamlarını sadalamaq bizə çox rahat olardı. Onların ən gözəl işi 3 günə qaralıb çürüyəcək divara yapışdırılmış banan qədər qiymətləndirilmir. Amma etiraf etməliyik, əsl sənət bu banan məsələsi kütləyə çatandan sonra başladı. Hadisə çoxlu parodiya doğurdu və bir çox şirkətlər, məşhur brendlər müxtəlif əşyaları “skotç”la divara yapışdırmaqla çeşidli “sənət əsərləri” yaratmağa başladı. “Oppo” və “OnePlus” şirkətləri smartfon istehsalına diqqəti çəkməkçün “Twitter” akkauntuna divara “skotç”lanmış telefon fotoları yerləşdirdi. “Honor” zarafatı göydə tutub “Apple” mallarına rişxənd etməyini davam etdi. İndi manqodan tutmuş pivə butulkalarına qədər müxtəlif əşyaların divara “skotç”lanmasını görə bilərsiniz. Bu sənət əsərləri bəyənilir, Nyu-York metrosundan tutmuş Braziliya “avtoqonşik”i Lukas Di Qrassinin qapısınacan bir çox yerləri bəzəyir. Dünya miqyasında davam edən bu planlaşmamış fləşmob aksiyası bir daha sübut edir ki, sənəti insanlar, yəni sənətşünasların ikrahla kütlə adlandırdığı toplum bəyənəndə nələr ola bilər. Divara dirənmiş banan sübut etdi ki, hər şeydən pul qazanmaq mümkündür. Amma rəssamın harda doğulması həlledici faktordur. Çünki bu banan haqqında dastan ortaya sıxandan sonra Stavropolun divarlarını hələ beş il əvvəl bəzəmiş, “skotç”lanmış banan strit-art nümunəsini çəkmiş gənc təəssüflə içini çəkməli oldu. Bananı divara yapışdırmış italyan rəssamından fərqli olaraq onun divar rəsminə bir qədər xərci də çıxmışdı. Rənglər almış, çəkmiş, avadanlıq sərf eləmiş əvəzində bir qəpik də qazanmamışdı. Biz ölənəcən italyan rəssamının dalınca danışa, onun qulaqlarına çatdırmaq üçün “Plagiat!” deyə səsimiz batanacan qışqıra da bilərik. Amma bu, bizim cibimizə bir qəpik də əlavə etməz.

Ola bilər, artıq elə bir zamandır ki, pulluları dümsükləyə-dümsükləyə qalereyalara, konsert salonlarına, kitab evlərinə qovalayıb salmağı milli siyasətə çevirmək lazımdır. Qoy xalqın malını necə olursa-olsun, absurd, ya ağıllı, gülməli, ya ağlamalı, kreativ, ya da ənənəvi yolla geri qaytarsınlar. Yoxsa onları lazımsız element kimi xalq arasında yaratdıqları uçuruma itələyib salmalı olacağıq...

Xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm