Bank hesablarının açılması əhalinin ödəniş almasını asanlaşdırcaq
18.04.2020 14:50 İqtisadiyyat

Bank hesablarının açılması əhalinin ödəniş almasını asanlaşdırcaq

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib.

"MediaPost" xəbər verir ki, Prezident İlham Əliyev çıxışı zamanı vətəndaşlara müraciət edərək bildirib ki, 190 manat alacaq şəxslər bank hesabları açsınlar: “Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin. Biz o sahibkarların dərsini verəcəyik. Çünki dövlətin bütün resurslarını səfərbər etdiyi indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, öz tamahını təmin etmək xəyanətdir. Bunun başqa adı ola bilməz. Ona görə tapşırıq verirəm ki, aprel-may aylarında – iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar. Birinci ödəniş bu ay veriləcək, ona görə yəqin bəzi insanların imkanı olmayacaq ki, bank hesabları açsınlar. Ancaq ikinci ödəniş may ayında veriləcək. O vaxta qədər bu 600 min insanın hər biri bank hesabı açsın və ikinci ödənişi bank köçürmə yolu ilə alsın. Bu, bizim xahişimizdir, bu, bizim tələbimizdir”

Qeyd edək ki, vətəndaşların bank hesabları açdırması onların ödəniş almasını daha sürətləndirməklə yanaşı poçt və bank filialları qarşısında yaranacaq növbələrin də qarşısını alacaq.

Millət vəkili Vüqar Bayramov vətəndaşların kart hesabı açmalarının vacibliyini “MediaPost”a şərh edərkən bildirib ki, bu addımın böyük əhəmiyyəti var: “Əhaliyə birbaşa yardımlar hazırda poçt və kommersiya bankları vasitəsilə, yəni plastik kartlar ilə edilir. Qeyd edim ki, prosesin tezləşdirilməsi üçün poçtlar da işə cəlb olunub. Eyni zamanda bəzi vətəndaşlarımız da artıq plastik kart vasitəsilə həmin ödənişləri alır.

Bank hesablarının açılması, əhalinin ödəniş almasını asanlaşdırcaq

Ölkə prezidenti tərəfindən xüsusən də növbəti ödənişlərin məhz plastik kartlar vasitəsi ilə həyata keçilməsi ilə bağlı göstəriş var. Burada məqsəd ondan ibarətdir ki, ödənişlər nağdsız həyata keçirilsin. Bu, şəffaflığın təmin edilməsi baxımından çox vacibdir. Nağdsız, eləcə də plastik kartlarda hesablaşmaların həyata keçirilməsi, ödənişlərin izlənməsinə imkan verir. Şəffaflığı artırır. Bu nəticə etibarilə şəffaflığın gücləndirilməsi baxımından çox vacibdir. Ona görə, artıq nəzərə alsaq ki, birinci ay ödənişlərdən sonra müəyyən müddət olacaq və ondan sonra kommersiya banklarında hesabların açılması və 600 min vətəndaşımıza kart vasitəsilə ödənişin həyata keçirilməsi reallaşacaq. Bu texniki baxımdan hər hansı çətinlik yaratmayacaq. Çünki banklarda belə hesabların açılması artıq elektronlaşıb və texniki baxımdan çətinlik yaratmır. Digər baxımdan hətta aprel ayında da vətəndaşların bir qismi birbaşa ödənişləri plastik kartlar vasitəsi ilə alıblar. Ona görə də texniki baxımdan tapşırığın reallaşmasında hər hansı çətinlik olmamalıdır. Növbəti ay bütün vətəndaşlarımız ödənişləri kartlar vasitəsi ilə alacaqlar ki, bu da şəffaflığın təmin olunmasına xidmət edir”.

Millət vəkili Azər Badamov isə məsələni "MediaPost"a şərh edərkən qeyd edib ki, ödənişlərin plastik kart vasitəsi ilə edilməsi, ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan mübarizənin bir hissəsidir. Həmçinin o qeyd edib ki, ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vaxtında həyata keçirilən tədbirlər, bir çox başqa ölkələrdəkinə oxşar halların yaşanmasının qarşısını alıb: “Bütün ölkələr pandemiya qarşısında aciz qalıblar. Dünyanın ən inkişaf etmiş ölkələrində koronavirusa qarşı mübarizə tədbirlərində acizlik yaranıb. Böyük iqtisadiyyatları olan ölkələr də pandemiya qarşısında çətin vəziyyətə düşüblər. Burada əsas məsələ iqtisadiyyat deyil.

Bank hesablarının açılması, əhalinin ödəniş almasını asanlaşdırcaq

Əsas məsələ vaxtında addımlar atmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edəndən dərhal sonra ölkə başçısı göstəriş verdi ki, bütün lazımi tədbirlər Azərbaycanda tətbiq olunmalıdır. Tədbirlərə dərhal start verildi. Onun nəticəsidir ki, bu gün Azərbaycan səhiyyəsi uğurla pandemiyaya qarşı mübarizə aparır. Cənab Prezident sahibkarlara tövsiyə etmişdi ki, iş yerlərində ixtisar olunmasın, göstəriş sahibkarlar tərəfindən yüksək səviyyədə qarşılandı və nəinki iş yerlərinin ixtisar olunmasına, əlavə əmək müqavilələrinin açılmasına gətirib çıxardı. Düşünürəm ki, biz dünyada pandemiyadan ən az ziyan görən ölkələrdən olacağıq. Elə bir ölkə olmayacaq ki, bu pandemiyadan zərər görməsin, amma biz ən minimum itkilərlə bu vəziyyətdən çıxacayıq".

Xəbərlər departamenti

Gündəm