Bankların gecikmələrə görə cərimə hesablamaması kredit tarixçəsini korlayacaqmı?
16.04.2020 07:05 İqtisadiyyat

Bankların gecikmələrə görə cərimə hesablamaması kredit tarixçəsini korlayacaqmı?

Koronavirus pandemiyasının (COVID-19) ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejiminin elan olunması bir sıra iş yerlərinin bağlanmasına səbəb olub. Bu baxımdan dövlət tərəfindən iqtisadi və sosial zərərlərin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.

Bu ərəfədə bir sıra banklar da müştərilər üçün güzəştlər tətbiq edir. Belə ki, bəzi banklar kredit ödənişlərindəki gecikmələrə görə, cərimə faizinin hesablanmasını dayandırıb

Bəs cərimə faizinin hesablanmamasını əsas götürərək kredit ödənişini gecikdirən bank müştərisinin kredit tarixçəsi korlanırmı?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən hüquqşünas-ekspert Əkrəm Həsənov bildirdi ki, bəzi banklar tərəfindən kredit ödənişlərində gecikmələrə görə cərimə faizinin hesablanmamasına baxmayaraq gecikmələr kredit tarixçəsini korlayacaq:

"Çünki karantin dövründə kreditin ödənilməməsi və ümumiyyətlə, hər hansı öhdəliyin icra edilməməsi üçün əsas yoxdur. Vətəndaşlara gün ərzində evdən çıxmaq üçün ayrılan 2 saat ərzində bank xidmətlərindən istifadə etmək icazəsi verilir və bu vaxt çərçivəsində onlar banklara olan kredit borclarını ödəyə bilərlər. Yəni vətəndaşın fiziki baxımdan ödənişləri etmək imkanı var. Vətəndaşın maddi baxımdan kredit ödənişini etmək üçün imkanının olmamasına gəldikdə isə karantin rejiminin olmadığı adi vaxtlarda da, vətəndaşın belə imkanının olmaması kimi hallar müşahidə oluna bilir. Buna görə də, gecikmələrə görə bir çox banklar cərimə hesablayacaq və kredit tarixçəsi də korlanacaq".

Ekspert bildirdi ki, gecikmələrə görə kredit tarixçəsi o zaman korlanmaya bilər ki, bank özü öz hesabına kredit tətili elan etsin:

"Bəzi ölkələrdə bu tədbirlərə rast gəlmək olur. Digər baxımdan isə dövlət banklara vurulan zərəri və faiz ödənişlərini öz öhdəsinə götürərsə, bu zaman kredit tətili olar. Bu halda banklar müştərinin kredit ödənişlərini gecikdirməsi ilə bağlı məlumatı Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərməyəcək və kredit tarixi də korlanmayacaq".

Qeyd edək ki, Milli Məclisin yaxın zamanda keçirilən iclasında xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edilmiş, Mərkəzi Bank sədri Elman Rüstəmov bu məsələnin hazırda müzakirə edildiyini bildirmişdi.

Xəbərlər departamenti

Gündəm