BANM Çin Neft Universiteti ilə müəllim-tələbə mübadiləsi üçün müqavilə imzalayıb
20.11.2023 10:57 İqtisadiyyat

BANM Çin Neft Universiteti ilə müəllim-tələbə mübadiləsi üçün müqavilə imzalayıb

Bakı Ali Neft Məktəbi (BANM) Çin Neft Universiteti ilə birgə tədqiqat fəaliyyəti, müəllim və tələbə mübadiləsi, tədris və elmi materialların mübadiləsi, elmi forum və konfransların təşkilini nəzərdə tutan əməkdaşlıq haqqında müqavilə imzalayıb.

MediaPost bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, müqaviləyə SOCAR nümayəndə heyətinin noyabrın 13-17-də Çinə səfəri zamanı imza atılıb.

Nümayəndə heyəti ilk öncə Çin Neft Universitetinin Tarix Muzeyi və laboratoriyası ilə tanış olub. Görüşdə BANM və Universitet arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb. Bu xüsusda, bərpa olunan enerji və süni intellekt sahələrində birgə fəaliyyətə böyük dəyər verildiyi qeyd edilib. Bir neçə ay bundan əvvəl BANM-da təşkil edilən təcrübə mübadilə proqramına qatılan çinli tələbələrin, orada qazandıqları təcrübədən xoş təəssüratlarla geri döndükləri bildirilib. Müqavilənin iki universitet arasında gələcək əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyi xüsusilə qeyd edilib.

Çin Neft Universitetinin rektoru professor Vu Siaolin və universitetin pedaqoji heyəti ilə keçirilən görüşdə Prezident İlham Əliyev və Çin sədri Si Cinpinin birgə səyləri nəticəsində iki ölkə arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda, müasir dövrdə ölkələrimiz arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərimizin əsasını məhz Ulu Öndər Heydər Əliyevin qoyduğunu qeyd edən nümayəndə heyəti 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu bildirib və bu münasibətlə il ərzində SOCAR-ın müxtəlif sahələrdə keçirdiyi silsilə tədbirlər haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Daha sonra H.Əliyevin 100 illik yubileyi münasibətilə Çin Neft Universitetində təşkil olunan, Ulu Öndərin ölkəmizin neft-qaz sənayesinin inkişafına göstərdiyi yüksək diqqəti əks etdirən nadir fotoların da yer aldığı sərginin açılış mərasimi keçirilib. Sərginin açılışında Ulu Öndərin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə davamlı inkişafı üçün sağlam təməllərin qoyulduğu qeyd edilib. Ümummilli Liderin müəyyənləşdirdiyi enerji strategiyasının ölkəmizin hərtərəfli inkişafında mühüm rolundan, Ulu Öndərin Azərbaycan neftçilərinə göstərdiyi qayğıdan bəhs olunub. Açılışda Çində təşkil olunan sərginin dost Çin xalqının Azərbaycanın Ümummilli Liderinə olan sonsuz hörmətinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Ulu Öndər kimi dahi şəxsiyyətə həsr olunan sərginin universitətdə təşkilinin təhsil ocağı üçün vacibliyi vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyəti, eləcə də “Huawei” şirkətinin Pekin Sərgi Mərkəzi ilə tanış olub və şirkətin rəhbər heyəti ilə ikitərəfli görüş keçirib. Görüşdə “Huawei” Akademiyasının dəstəyi ilə BANM-də yaradılacaq kompüter şəbəkə laboratoriyasının əhəmiyyəti vurğulanıb, müasir avadanlıqla təchiz edilən laboratoriyanın gələcək fəaliyyəti müzakirə edilib.

Görüşdə, həmçinin Çinin aparıcı informasiya texnologiyaları şirkəti olan “Huawei” ilə 2019-cu ildən faydalı əməkdaşlığın həyata keçirildiyi bildirilib. Əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə SOCAR-ın Bakı Ali Neft Məktəbində müəllim və tələbələr üçün informasiya texnologiyaları sahəsində müxtəlif modulların onlayn tədrisinə xidmət edəcək “Huawei IT Akademiyası”nın fəaliyyətə başlaması, həmçinin kompüter şəbəkələri laboratoriyasının qurulmasına verdikləri dəstəyə görə "Huawei" şirkətinin rəhbərliyinə təşəkkür edilib, gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik vurğulanıb.

Xəbərlər departamenti

Gündəm