"Azərbaycanda "quş qripi" və "donuz qripi"nə yoluxma istisna edilmir"
17.01.2020 14:34 Fikirlər

"Azərbaycanda "quş qripi" və "donuz qripi"nə yoluxma istisna edilmir"

Bununla bağlı “MediaPost”a açıqlama verən Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, insanların çox toplaşdığı yerlərdə mümkün qədər az olmaq tövsiyə edilir.

“Xəstəlikdən qorunmaq üçün maskadan istifadə etmək, gigiyena qaydalarına riayət etmək vacibdir. Qidalanma xüsusilə yaxşı olmalıdır.Vaxtında təmiz və keyfiyyətli qidalardan istifadə edilməli, çoxlu tərəvəz tükədilməlidir. Bundan başqa yuxu rejiminə diqqət etmək, açıq havada gəzmək və mənzilin havasını tez-tez dəyişmək vacib şərtlərdəndir. Xəstə insanların işə çıxması doğru sayılmır”, – mütəxəssis bildirib.

C.İsayev ölkə daxilində ölümcül viruslardan hesab edilən “donuz qripi” (H1N1 virusu) və “quş qripi”nə (H5N1 virusu) yoluxma barədə rəsmi məlumatın olmadığın bildirib. Lakin mütəxəssis sözügedən xəstəliklərə yoluxma riskini istisna etməyib. O, digər viruslardakı kimi “quş qripi” və “donuz qripi”ndən də eyni profilaktiki tədbirlərlə qorunmağın mümkün olduğunu bildirib.

Cəlal İsayev həmçinin vurğulayıb ki, H5N1 və H1N1 viruslarına yoluxmamaq üçün spirtli içkilərdən siqaretdən, energetik, habelə qazlı içkilərdən, mağazalarda satılan kompot və meyvə şirələrindən imtina etmək zəruridir.

Mütəxəssis vətəndaşları həkim məsləhəti olmadan dərman preparatları qəbul etməkdən çəkinməyi tövsiyə edib:

“Sözügedən xəstəliklərin ilkin əlamətləri qızdırma, halsızlıq, əzələ ağrısı, sümüklərdə ağrılarıdır. Bir gün ərzində qrip xəstəni yatağa salır. İkinci gündən sonra zökəm əlamətləri ortaya çıxır. Xəstələrin ilk gündən, temperaturu qalxdıqda həkimə müraciət etməsi mütləqdir. Virus daha çox körpə uşaqlar, yaşlı insanlar, xroniki xəstəliyi olanlar və hamilələr üçün təhlükəlidir. Bu insanlar mütləq özlərini qorumalıdırlar. Temperatur çox yüksək olarsa, qusma əlamətləri varsa, sadaladığımız əlamətlər güclü olarsa, mütləq müalicə xəstəxana şəraitində davam etdirilməlidir. Kəskin respirator virus infeksiyaları zamanı qəbul edilən antibiotikin heç bir köməyi yoxdur. Hərarət dövründə mütləq xəstə yataq rejimində olmalıdır”.

Aynur Ələkbər/ "MediaPost"

Xəbərlər departamenti

Gündəm