Başına pul qoyulan "Topçu İsgəndər"
18.04.2020 18:55 Cəmiyyət

Başına pul qoyulan "Topçu İsgəndər"

Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibədə şücaət göstərmiş 215 nəfərə Milli Qəhrəman adı verilib. Onlardan biri də İsgəndər Söhrab oğlu Aznaurovdur.

“MediaPost” xəbər verir ki, bu gün onun vəfatından 27 il ötür.

Milli Qəhrəman 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlib.

21 aprel 1992-ci il... O, Milli Ordu sıralarına könüllü yazılır. 861 saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edilir. Baş leytenant İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində peşəkar hərbçi kimi düşmənin mühüm hərbi bazalarının məhv edilməsində şəxsi nümunə göstərir. O, ağır döyüşlərin birində düşmənin dörd topunu sıradan çıxararaq onlarla erməni silahlısını məhv edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatda sərrast top atəşləri ilə düşmən mövqelərinə ciddi zərbələr vurulur, silah-sursat anbarları dağıdılırdı. Nazdıxanyal uğrunda gedən döyüşlərdə İsgəndər Aznaurov əsl igidlik nümunəsi göstərib.

İştirak etdiyi son döyüş, aprelin 18-i 1993-cü il...

Gədəbəydə “Örükdaş”da düşmənin 13 texnikasına qarşı 3 növ texnika ilə vuruşub. Səhhətində problemlər yaranmasına baxmayaraq, müalicə almaqdan imtina edən Milli Qəhrəman minalanmış ərazini keçərək ön cəbhəyə yollanıb. Həmin döyüşlərdə də həlak olub.

Evli idi. Üç qızı həyatda yadigar qalıb.
Bakının Şəhidlər xiyabanında dəfn edilib.

Onun adına Şınıx bölgəsində “İsgəndər qalası” var. Kür qəsəbəsindəki 1 saylı məktəb qəhrəmanın adını daşıyır. Məktəbin girişində büstü qoyulub, 2 saylı orta məktəbdə isə onun şərəfinə “Xatirə guşəsi” yaradılıb.

Qeyd edək ki, hazırda Azərbaycanın 215 Milli Qəhrəmanından 17 nəfəri sağdır.

Azadə Yolçu

Xəbərlər departamenti

Gündəm