Başqasının telefonunu izləmək - İqtisadi, mənəvi problemlərin başlanğıcı
28.11.2019 07:57 Fikirlər

Başqasının telefonunu izləmək - İqtisadi, mənəvi problemlərin başlanğıcı

Nəyəsə görə başqasının telefonunu izləməyə kütləvi maraq göstəririk. Ölkə mətbuatında bu barədə yazıya rast gəlməsəm də, xarici mətbuatda bununla bağlı bir sıra material oxudum.

Təhlükəsizliyi təmin etmək, məlumatın üçüncü şəxsə ötürülməməsi üçün informasiyanın qorunması ilə bağlı məqalələrə, həyəcan tipli videolara, seminarlara az rast gəlmirik. Amma hazırda texnologiya vasitələrin virtual yox, real izlənməsi məsələsinə toxunmaq istəyirəm.

İctimai nəqliyyatdan yüz minlərlə insan gündəlik istifadə edir. Avtobusda, metroda etik qaydalarla bağlı tablolar bizi dörd bir yandan əhatə edir, təlimatla bağlı səs yazıları bir neçə dəqiqədən bir sərnişinlərin diqqətinə çatdırılır. Yüksək səs tonu ilə danışmamaq, nəzakət qaydalarına riayət etmək kimi tövsiyələri dəfələrlə eşidirik. Amma heç vaxt "digər sərnişinlərin telefonuna baxmaqla onlara diskomfort yaratmayın" elanını görməmişəm, nə də metroda belə xəbərdarlığın səsləndiyini eşitməmişəm. Görünür, bu, o qədər də vacib etiket qaydası hesab olunmur.

Yanında əyləşən və ya başının üstündə dayanan digər sərnişinin sənin telefonuna diqqətlə baxması mənə məşhur "Kişi Sözü " filmindəki bir səhnəni xatırladır. Sanki "indi məni göstərəcəklər" düşüncəsiylə gözünü telefondan çəkmir.

Bu məsələdə yalnız etik qayda pozulması deyil, həm də təhlükəsizlik məsələsi önəm verilməli nüansdır. Bir çoxumuz müasir texnologiyanın bizə yaratdığı bəzi imkanlardan yararlanmaq üçün bir çox əməliyyatı telefonla yerinə yetiririk. Bura həm də bank hesablarının mobil tətbiq vasitəsilə idarə edilməsi də aiddir.

Belə olan halda bu və ya digər səbəbdən bank hesabımıza daxil olarkən sözügedən məsələyə xüsusi diqqət yetirməliyik. Bəlkə yanımızdakı şəxs elə kibercinayətkardır? Fikrimcə, həmin şəxsin sizin hesabınıza daxil olarkən nələr edəcəyini düşünmək elə də çətin deyil.

Bu barədə xarici təcrübədə tədbirlərin görülməsi planlaşdırılır.

Bəzi telefon şirkətləri, ekspertlər hesab edir ki, yarana biləcək təhlükənin qarşısı "mikrojalüz" tipli xüsusi ekran qoruyucu şüşə və plyonkadan istifadə etməklə qismən alına bilər. Həmin ekran qoruyucusu kənardan görməni məhdudlaşdırır.

Düşünürəm, həll yolu həm də psixoloji amillərdən asılıdır. Bu barədə məlumat yayılsa, kütləvi şəkildə maarifləndirici aksiyalar keçirilsə, problem artıq oturuşmuş etik normaya çevrilər və aradan qalxar.

Hər halda bu tip izlənmədən özümüzü qorumalıyıq. Hazırda sosial məsələ olan bu mövzu sonradan ciddi iqtisadi, mənəvi problemlər də yarada bilər.

Xəbərlər departamenti

Gündəm