Bayağı mahnı, yoxsa xalq yaradıcılığı?
22.11.2019 14:12 Fikirlər

Bayağı mahnı, yoxsa xalq yaradıcılığı?

Yaxud KİV-in nəhəng böhranı hələ başımıza nə oyun açacaq!

Efir “bayağı mahnı” mövzusunu müzakirə etməkdən dağılır. Bu mövzuda televiziya verilişləri ara vermir. Mətbuat iki gündən bir (sanki yazmağa sözü bitəndə) aşıqlar “balam eeeyyy...” deyib sözü uzatdığı kimi yenə də xalqın canına daraşır. Yəni bu mövzu diyar, ölkə, planetar, bəşəri miqyasda bu qədərmi aktualdır ki, saniyəsi qızıl qiymətində efir vaxtını, miqyası kompüter işarəsilə ölçülən yazılı dərgilər tez-tez, deyərdim ki, hətta müəyyən alqoritmlə məsələni ortaya atır?! Nədən eyni saqqızı min dəfə çeynəyib beynimizə tökürlər?! Mənim də ağlıma bu barədə düşünmək təsadüfən gəlmədi. Bu mövzuda danışmaq üçün televiziyaya dəvət almışdım, amma zarafata salıb canımı birtəhər qurtarmışam. Hələlik sakitçilikdi...

Əvvəla, ümumxalq mövzularında danışan hər kəs sosial təbəqəsindən asılı olmayaraq özünü xalqa müxalif kimi aparır, sanki “Mən sizdən deyiləm” mövqeyindən çıxış etməklə daha üstün, bu mahnıları, musiqini dinləməyən, fəlsəfəsini qəbul etməyən birisi olduğunu elə ilk cümlələrindən vurğulamağa başlayır. Valideynindən narazı, anasının pis əxlaqını, atasının naqisliyini yaşamış kompleksli uşaqlar kimi kimliyindən dərhal imtina edir. Əgər bayağı mahnı dediyimiz musiqi bu qədər pisdirsə, niyə bu qədər çox səslənir?! Hər yerdədir, xəbəriniz varmı? Toylarda, xudmani məclislərdə, ev yığıncaqlarında, sürücülərin “best of the best” (yaxşıların yaxşısı) adlanan media qovluqlarında, telefon “playlist”lərində, hətta məktəb və bağçalarda, təbii ki, internet saytlarında və televiziyada. Əgər biz elliklə hadisəylə mübarizəyə qoşulmağa başlamaq fikrindəyiksə onu artıq uduzmuş sayıla bilərik.

Adını bayağı qoyursunuz, qoyun, nə şəkildə olsa da bu tip mahnılar həmişə olub. Bəşər yaranandan, insan sivilizasiya quraşdırmağa başlayan gündən səs və sözlərdən nəsə düzüb-qoşur və onu səsləndirməyə, yəni ki, özünü bəyəndirməyə çalışır. Özünü bəyəndirmək istəməsə, o, sadəcə, bir zümzümə mızıldayardı. Nə nota yazar, nə başqasına oxuyar, nə də “bəstəkaram” deyib, fors eləməzdi. Min illərdir, bu torpaqda, eləcə də planetimizin hər yerində milyonlarla mahnı yaranıb. Planetdə doğulub ölən insanların sayı qədər mahnı və zümzümə yaransa da onlardan ən yaxşısı, ən sevimlisi, yaddaqalanı bu günümüzə qədər gəlib çıxıb. Onları sevə-sevə xalq mahnısı adlı nüfuzlu kateqoriyaya aid edirik. “Xalq mahnılarını niyə hamı sevir?” sualının cavabı da elə özündədir. Çünki bu, xalqın mahnısıdır, həsənlərin, məmmədlərin, əlilərin, gülbadamların yox, XALQın. Deməliyik ki, mahnı yazan gülbadamlar da ömründə mızıldamayan, xörək bişirməkdən savayı, heç nə bilməyən fatmanisələr kimi tarixdə iz qoymayaraq ölüb gedəcək. Musiqi isə qalacaq.

Xalq isə bir çoxunun nəzərində olduğu kimi, qeyri-müəyyən, məchul, anlaşılmaz “obyekt” deyil. Onun canlı olmasını yaradıcılığından bilmək olar. Azərbaycan nadir rast gəlinən sivil ölkələrdəndir ki, burada folklor hələ də canlıdır və mahnı yaratmağında davam edir. Geridə qalmış ölkələrdə, (əslində təbiətə daha yaxın sivilizasiyalarda) deyək ki, Afrika səhrasında, ya da Avstraliya cəngəlliklərində mahnı insan həyatının məhsulu kimi, əmək mahnısı, toy və yas mərasimi səslənmələri, mövsümi nəğmə və s. şəkildə yaranır. Qərb və Amerika öz folklorunu artıq konservləşdirib. Yəni diyar-diyar gəzib, etnoqrafik ekspedisiyalar edib, yığıb, nota alıb, dərc etdirib, tədqiqat aparıb və demək olar ki, muzeyə təhvil verib. Onların folkloru muzey inventarı kimi səliqəli, təmiz və bir qədər darıxdırıcıdır. Ona görə də oralarda artıq tədqiq ediləsi mövzu qalmayıb deyə, alimlər üzü Şərqə doğru folklor toplaya-toplaya gəlirlər. Bu tərəflər maraqlıdır, hər tində bir səslənmə, fikir, deyim, yəni canlı “efir” var. Bizim ən geridə qalmış bir bölgənin mahnı və söz yaradıcılığı bir düjün tədqiqatçı alım üçün yetərli qədər material verib, onu elmlər doktoru səviyyəsinə yüksəldə bilər. Siz bəyənmədiyiniz bu bayağı mahnını verin əsl alimə, görün nələr yazar. Bu günlərdə Türkiyənin kifayət qədər nüfuzlu elmi jurnallarından birində ingiliscədən “Sükutdan mahnıya qədər” kimi çevirə biləcəyimiz məqalə ilə rastlaşdım. Burada Suriya qaçqınlarının küçə musiqisi tədqiq edilirdi. (?!) Suriyadan canın götürüb gəlmiş çox güman ki, qısa müddətə Türkiyədə sığınacaq almış, imkansızlıqdan küçədə nələrsə səsləndirməyə çalışan suriyalı qaçqınların musiqisi nədənsə türk tədqiqatçılarının maraq dairəsindədir. Yəqin ki, heç kim küçə musiqiçilərindən super bədii tapıntılar, yüksək bədii meyarlar gözləməyə ürək eləməz. Onlar başını dolandırır və ürəyinin səsini dilinə gətirir və öz mahiyyətini sərgiləyir. Eynən bizim bayağı adlandırdığımız musiqiçilər kimi.

Amma heç kim Türkiyədə, eləcə də öz mövqeyi olan digər ölkələrdə küçə musiqiçilərini efirə, yəni bizim başımıza çıxarmır. Cəmiyyətdəki təbəqələr içində artıq seçimini eləmiş mətbuat ağıllı, düşünən, uzaqgörən, oxumuş, ziyalı, o cümlədən də mənim mənsub olduğum və s. bu tip çox gərəkli zümrəni itirib. Bu gün efir və mətbuat iki nəfərin öz arasında pıçıltıyla danışmayacağı mövzuları qışqıra-qışqıra aləmə car çəkir. Əslində, şingilə kimi bitmək bilməyən, məntiqsiz ardıcıllaşan, bayağı adlanmağa əsl namizəd olan mövzular KİV-in nəhəng böhranı sayıla bilər. Uzaqgörən ola bilməriksə, çoxdanışan olaq. Həqiqəti görmürük, heç olmasa, bizi görsünlər. Məntiqsiz olmaq ayıb deyilsə, göyçək olub göz çıxardaq. Bu sloqanların hər bir televiziya, ya da radio kanalına, hətta çeşidli saytlara yaraşar. Onu da deyim ki, burada nə qədər ağıllı olursansa ol, gül kimi fəlsəfi fikirləri səpələ, bayağı mahnının yığdığı auditoriyanı toplaya bilməzsən. Çünki yazı oxuyanlar mahnı dinləyənlərdən dəfələrlə azdır.

Hazırda biz folklorun yaranmasını müşahidə etdiyimiz qədər də mətbuatımızın simasının formalaşması prosesini yaşayırıq. Xalq siz istəsəniz də, istəməsəniz də öz bildiyi kimi səslənəcək, biz bəyənsək, bəyənməsək də öz həyatını yaşayacaq. Sadəcə, bu prosesdə biz, yəni mətbuat mövqe seçərkən kimin yanında olacağımızı artıq dəqiq bilməliyik. Şəxsən mən, dərd-sərinə baxmayaraq, məişətini nizamlaya bilməsə də, səslənməkdə davam edən, musiqidən heç vaxt nacins olmayan xalqın tərkibində olmaqdan bayılıram. Çox da ikrahla baxmayın, həmin bu bayağı mahnıları qoşan XALQ beynəlxalq səviyyəyə qaldırdığınız muğamı da yaradıb, aşıq havalarını da özü bəstələyib, nəğmələri mirvari kimi düzməyi də bacarır. Sadəcə, bu məsələyə baxış bucağını dəyişdirin. Xalqa müxalif deyil, onun içində olanda hər şey gözəl görünür...

P.S. Bu yaxında bəstəkar dostumla “tolkuçka”ya pərdə almağa getmişdik. Əminliyini Rusiya bazarlarında qazanmış satıcını musiqi barədə söhbətə cəlb elədik. Tədqiqatsız filansız dedi ki, Azərbaycan musiqisi elə 3 notdan ibarətdir də. Ona hiddətlənməyin. Bu həqiqətən də elədir, musiqimizin arxaikliyinin göstəricisidir və kifayət qədər nüfuzlu elmi tədqiqat sayəsində təsdiqlənib. İki nəfər, kifayət qədər təcrübəli bəstəkar və musiqişünas bu pərdə satıcısına deməyə söz tapmayıb gülümsədik. Yəni siz həqiqətən düşünürsünüz ki, həmin bu satıcının toyda sifariş etdiyi musiqini bəyənməməyə haqqımız çatır?...

Xəbərlər departamenti

Gündəm