“Bayağılıq epidemiyası”nın xilası varmı? - RƏYLƏR
20.11.2019 13:37 Fikirlər

“Bayağılıq epidemiyası”nın xilası varmı? - RƏYLƏR

Hər gün efirlərdə, sosial şəbəkələrdə bir-birini təkrarlayan verilişlər, proqramlar, ifaçılar, bayağı şoular yer alır.

İllərdir bununla bağlı mətbuatda danışılsa da, hətta Mətbuat Şurası tərəfindən bu məsələyə münasibət bildirilsə də, hələ ki bir irəliləyiş yoxdur.

Yeni yaradılan mobil tətbiqlər də sanki gənclərin dəyərli vaxtlarını boş işlərə sərf etməsi üçün nəzərdə tutulub. Məsələn, son zamanların trendinə çevrilən “TikTok” adlı platformanın istifadəçiləri arasında azyaşlı və gənclərin sayı üstünlük təşkil edir. Bu paltforma vasitəsilə çəkilən videolarda filmlərdən, kütlə üçün nəzərdə tutulmuş kliplərin ssenarisindən istifadə olunur. Belə sosial şəbəkələr vasitəsi ilə artıq yuxu kimi görünən məşhurluq telefonumuza bir toxunuş qədər yaxın olub.

Bayağılığın xroniki hal almasını bir çox insanlar televiziyalarla əlaqələndirirlər.

Efirlərdə gedən verilişlərin əksəriyyətinin heç bir informativ xarakter daşımadığı, “18+” söhbətlər, zorakılıq, şiddət tərkibli xəbərlərin artıq adi hala çevrilməsi, insanları narahat etməyə başlayıb. Bir-birini təkrarlayan verilişlər, insanın qanını donduran cinayət hadisələri, heç bir çəkisi olmayan zarafatlar xüsusilə azyaşlıların psixologiyasına ciddi təsir göstərir.

Sözügedən problemin qarşısını almaq üçün hansı tədbirlər görmək lazımdır? Bu məsələdə əsas günahkar kimdir?

“Bayağılıq epidemiyası”nın xilası varmı? - RƏYLƏR

Sosioloq Sahib Altay mövzu ilə bağlı Mediapost.az-a açıqlama verib. Mütəxəssis bildirib ki, bayağılıq hər dövrdə rast gəlinən bir haldır və bunun kütləvi hal alması XX əsrin ortalarından bütün dünyada başlayan bir prosesdir:

"Bu proses niyə və hansı səbəbdən baş verdi? Sosializmə qədər və sosializm də daxil olmaqla dünyanın əksər ölkələrində toplumlar "qapalı cəmiyyət" prinsiplərilə idarə olunurdu. Bu prinsiplərdən biri də yaradıcılığın dövlət, mərkəzi idarəetmə tərəfindən nəzarətə götürülməsi idi. Və həmin prinsipə əsasən zövqü də, insanlara təlqin olunan yaradıcılıq məhsulunu da senzura müəyyənləşdirirdi. Həmin senzuraya əsasən, özünə şair deyən, hər şeir yazan kitab çıxara bilməzdi, hər mahnı incəsənət nümunəsi kimi radioda səslənə, efirdə nümayiş oluna bilməzdi. Bütün bu proseslər öz əsasını XVIII əsrin əvvəllərindən, İngiltərə Sənaye İnqilabından götürür. XX əsrin ortalarından etibarən istehsal sənayesinin dövlət xəttindən əlavə, həm də qlobal güclər vasitəsilə liberal iqtisadiyyat fonunda irəliləməsi, o cümlədən medianın bütün növlərini üstələyən internet

“Bayağılıq epidemiyası”nın xilası varmı? - RƏYLƏR

informasiyası yaradıcılıq bazarını zövqə uyğun formalaşmağa məcbur etdi. Beləliklə, "qapalı cəmiyyət" in yerini "açıq cəmiyyət" tutdu. Burada informasiya qıtlığı olmur, senzura qeyri-ciddi hesab olunur”.

Ekspert günün tələbələrinə uyğun olaraq televiziyanın sosial şəbəkələrlə mübarizədə uduzduğunu vurğulayıb və TV-lərin də verilişlərini internet vasitəsilə yayımladığına diqqət çəkib:

“Bugünkü günün tələblərinə uyğun olaraq bir yazarın, müğənninin, rəssamın, rejissorun və s. efirdə çıxış etmək kimi bir dərdi yoxdur. Çünki lazım olan reklamı efirlə müqayisədə internetdən qat-qat üstün şəkildə qazanır. Eyni zamanda, heç bir senzura, şərt, keyfiyyət göstəricisi tələb etmədən bunu edir. Bayağılığı formalaşdıran əsas amil də elə budur. Çünki internet öz, abonentinə müstəqil istifadə hüququ verdiyi üçün burada keyfiyyətli yaradıcılıq göstəricisilə birlikdə, ondan say etibarilə çox olan keyfiyyətsiz nümunələr də yayımlanır. Məsələn, bu gün heç bir səs keyfiyyəti olmayan, efir mədəniyyətindən xəbərsiz, nitq qabiliyyəti sıfır səviyyədə olan istənilən bir adam 6-8 ritm üzərində kiminsə vasitəsilə və ya elə özü bir-iki söz düz-qoş edib, oxuyub, bunu internetdə incəsənət adına yayımlamaqla məşhur ola bilər. Çünki çoxluq savadsızdır, ciddi düşüncəni əks etdirən kitabı oxumağa, musiqini dinləməyə meyilli deyil və o cür qeyri-ciddi nümunələr qısa zamanda məşhur ola bilir”.


"Bayağılığın qarşısını almaq yalnız medianın ciddi təbliğatıyla baş tuta bilər. Çünki internet senzura üzərində qurulmayıb. İntellektual insan sayı nə qədər çox olsa, bayağılıq bir o qədər aşağı düşəcək".

Sosioloq bildiribi ki, bayağılığı məşhur edən amillərdən biri də elə ictimai qınağın özüdür:

“Çünki internetin keyfiyyət göstəricisi baxış sayı və reytinqdir. Məsələn, biz bəyənmədiyimiz, qeyri-ciddi bir musiqiyə öz tənqidi fikrimizi bildirəndə həmin paylaşımın baxış sayı artır. Buna müasir media dilində anti-reklam deyirlər. Yəni qarşımıza çıxan istənilən paylaşımı bəyənib-bəyənməməyimizdən asılı olmayaraq biz ona məşhurluq qazandırırıq. Bayağılığı yaradan səbəblərdən biri də bazardır. Adətən, yeni dövrün yaradıcı adamları deyir ki, "mənim çörəyim bundan çıxır, bazar bunu tələb edir, mən də məcburam qeyri-ciddi nümunələr yaratmağa". Əgər bayağılığı sənət nöqteyi-nəzərdən izah ediriksə, tam əminliklə deyə bilərəm ki, bu, bütün dünyada gedən prossesdir. Amma burada bir məsələ var. Bayağılıqla yanaşı, ciddi nümunələr də öz populyarlığını qoruyur. Ciddi kitaba, sənətə, elmə dəyər verən insanlar heç vaxt bayağılığa qaçmır. Sadəcə, ciddi yaradıcılığa qiymət verən intellektual kütlə azdır. Bayağılığın qarşısını almaq yalnız medianın ciddi təbliğatıyla baş tuta bilər. Çünki internet senzura üzərində qurulmayıb. İntellektual insan sayı nə qədər çox olsa, bayağılıq bir o qədər aşağı düşəcək. Əks təqdirdə kapitalizm öz işini görür”.

“Bayağılıq epidemiyası”nın xilası varmı? - RƏYLƏR


"İnkişaf etmək istəyən insan üçün yetərincə material var. Düşünürəm ki, “televiziyalar bayağı veriliş verir” ifadəsi yalnızca inkişaf etmək istəməmənin bəhanəsidir"

Son zamanlar müsbət mənada fərqli verilişləri ilə diqqət çəkən İTV-nin aparıcı Vüsalə Məmmədova mövzu ilə bağlı Mediapost.az-a münasibət bildirib. O, bayağılığı insanın zövqü və dünyagörüşü ilə əlaqələndirdiyini söyləyib:

“Bayağılıq epidemiyası”nın xilası varmı? - RƏYLƏR

“Görülən işin bayağı olmaması üçün insanlar illərlə əmək sərf edir, zövq formalaşdırır, o işin təhsilini alır. İstənilən bir sahədə keyfiyyətli bir iş ortaya qoymaq üçün o sahəni öyrənməlisən, əmək verməlisən. Buna görə də biz bir iş üçün peşəkara müraciət edəndə, işin bayağı olmayacağına əmin oluruq”.

Bayağılıqla bağlı televiziyaları günahkar hesab edənlərin fikri ilə razılaşmayan aparıcı yetəri qədər keyfiyyətli verilişlərin olduğunu qeyd edib:

“Ölkədə yalnız bir kanal fəaliyyət göstərsəydi, mən bu fikirlə razılaşardım. Lakin bu gün kifayət qədər kanal fəaliyyət göstərir. Eyni mövzuda bayağı material hazırlayan da var, keyfiyyətli iş görən də. Hansı kanala baxmaq isə artıq auditoriyanın seçiminə qalıb. Çağdaş dünyada artıq cəmiyyəti yalnız televiziya formalaşdırmır. Burada sosial şəbəkələr də böyük rol oynayır. Mən özüm illərdir televiziyaya baxmırdım. Özümə lazım olan materialı “Youtube” üzərindən əldə edirdim. Məni İTV-yə dəvət edəndə kanalın sistemi yenilənirdi. Baxdım ki, mənim axtardığım, görmək istədiyim, mövzulara və ya hadisələrə mənim kimi yanaşırlar. O zaman fikirləşdim ki, mənim də bu prosesə qatqım ola bilər. Özümü də televiziyada qıcıqlandıran məqamlar olub. Lakin sonra özüm imtina etmişəm. Axı televiziyaya baxmaq məcburi deyil. İnkişaf etmək istəyən insan üçün yetərincə material var. Düşünürəm ki, “televiziyalar bayağı veriliş verir” ifadəsi yalnızca inkişaf etmək istəməmənin bəhanəsidir”.

Qeyd edək ki, son zamanlar telekanallar arasında İTV yeni formatda fəaliyyətə başlayıb. Müxtəlif fikirli ictimai xadimlərin iştirakı ilə televiziya proqramları təşkil edilir. Həmçinin telekanalda tənqidi satirik verilişlərə də yer ayrılır.

Xəbərlər departamenti

Gündəm