Bayden irqçiliklə bağlı 4 fərman imzaladı
27.01.2021 09:32 Dünya

Bayden irqçiliklə bağlı 4 fərman imzaladı

"Corc Floydun həyatı bahasına başa gələn 8 dəqiqə 46 saniyə milyonlarla amerikalının və dünya miqyasında milyonlarla insanın gözünü açdı".

"MediaPost" xəbər verir ki, bunu ötən ilin may ayında polis tərəfindən nəzarət altına alındığı əsnada həyatını itirən Corc Floyd və irqçilik məsələləri haqqında danışan ABŞ prezidenti Co Bayden söyləyib.

Bayden Minnepolisdə polis əməkdaşının dizi ilə boynuna təzyiq göstərməsi nəticəsində ölən Floyd haqqında "bir çox amerikalının görmədiyi və ya görməyi rədd etdiyi hadisə artıq göz ardı edilə bilməzdi. Həmin anların görüntüləri dünya miqyasında sərt tənqid olundu. Bu, ədalətin boynuna keçirilən bir ip idi və unudulmayacaqdı", - deyə qeyd edib.

O, mətbuat konfransındakı çıxışından sonra "irqi bərabərlik" məzmunlu 4 fərman imzalayıb. 

Prezident Bayden tərəfindən imzalanan fərmanlardan biri Ədliyyə Nazirliyinə özəl idarə olunan həbsxanalar və nəzarət mərkəzləri ilə işləməməyi və bu həbsxanalarla müqavilələrini yeniləməmələri təlimatını verir. Sabiq prezident Donald Tramp dövründə bu həbsxanaların istifadəsi artmışdı.

Ölkə başçısının imzaladığı digər fərmanda Yenidənqurma və İnkişaf Nazirliyinin bərabər hüquqlu mənzil siyasətini həyata keçirməsi nəzərdə tutulur.

İmzalanan fərmanlar çərçivəsində həmçinin hərbi texnikanın yerli polis bölmələrinə köçürülməsinin qarşısını alan tətbiq yenidən bərpa ediləcək.

Anara Mikail

Gündəm