“Belə getsə, Xankəndidə adam qalmayacaq”: Qarabağ erməniləri niyə qaçır? - ÖZƏL
“Qarabağda yaşayan sadə ermənilər artıq dözülməz şəraitdədirlər. Onların üzərində hələ Koçaryanın, Sarkisyanın və Arayikin dövründə min cür eksperiment keçirilib. Bu insanlar artıq beziblər və çıxış yolunu baş götürüb getməkdə görürlər. Bu gedişlər kütləvi hal alsa, Xankəndidə adam qalmayacaq”.
Bu fikirləri “MediaPost”a açıqlamasında politoloq Tofiq Abbasov səsləndirib. O bildirib ki, separatçı və qondarma rejimin “rəhbərliyi” orada qeyri-legitim şərait formalaşdırıb: “Heç bir qaydaya sığmayan məqamlar demək olar ki, normaya çevrilib. Özbaşınalıq və qanunsuzluq adi hal alıb. Buna görə də, separatçılarla yerli ermənilər arasında qarşıdurmanı istisna etmək olmaz.
Qarabağda yaşayan sadə ermənilər artıq dözülməz şəraitdədirlər. Onların üzərində hələ Koçaryanın, Sarkisyanın və Arayikin dövründə min cür eksperiment keçirilib. Bu insanlar artıq beziblər və çıxış yolunu baş götürüb getməkdə görürlər. Bu gedişlər kütləvi hal alsa, Xankəndidə adam qalmayacaq. Sonra da Azərbaycanı “etnik təmizləmə” həyata keçirməkdə günahlandıracaqlar. Ancaq bu, belə deyil. İnsanlar separatçı və radikal qüvvələrin əzab-əziyyətindən bezdikləri üçün Qarabağı tərk edirlər”.
Politoloqun sözlərinə görə, reinteqrasiya baş tutsa, ermənilərin Qarabağdan getməyinə ehtiyac qalmayacaq: “Çünki Azərbaycan hökuməti bu prosesə hazır olduğunu bəyan edir. Rəsmi Bakı reinteqrasiya ilə bağlı ilkin təmaslarda öz humanist mövqeyini nümayiş etdirib, birgəyaşayış qaydalarını açıqlayıb. Ermənistan isə artıq mono ölkəyə çevrilib. Separatçılar Qarabağ erməniləri arasında süni xof yaratmaqla məşğuldur. İnsanların izolyasiya şəraitində yaşamağa davam etməsi isə Şahramanyan və onun kimilərə öz imtiyazlarını itirməmək imkanı verir. Digər tərəfdən, Qarabağ ermənilərinin kök salmasını istəyən qüvvələr var. Rusiya isə gərginliyi artırmaqla sülhməramlıların Qarabağda qalma müddətini uzatmağa çalışır. Amma prosesləri siyasiləşdirməyə ehtiyac yoxdur. Sadəcə olaraq Azərbaycan nümayəndələri ilə Qarabağın erməni icması sabit və sakit şəkildə görüşməlidir. Əsas məsələ odur ki, heç bir kənar qüvvə prosesə qoşulmamalıdır və rəsmi Bakı buna imkan verməyəcək”.