Bəs kitabını oxumusan?
18.04.2020 14:34 Fikirlər

Bəs kitabını oxumusan?

Bir çox filmlər var ki, onlar barədə danışmağabaşlayanda dərhal “Bəs kitabını oxumusan” sualını eşidirik. Belə filmlər yüzlərlədir. Təbii ki, onların hamısını oxuyub, izləyib, bitirmək üçün hələ çox gəncəm. Amma həm kitabını oxuduğum, ardınca isə filmini izləyibbəyəndiyim bir neçəsi var ki, onlardan 5-liyi seçib sizinlə paylaşmaq istəyirəm!

1. Perfume: The story of a murderer (Ətir: Bir qatilin hekayəsi)

IMDb balı - 7.5

Patrick Süskindin 1985-ci ildə yayınladığı eyniadlı roman 2016-cı ildə Tom Tykwer rejissorluğu ilə ekranlara gəlir. Jan Baptist Grenuiy 18-ci əsrdə dünyaya gələn çox fərqli bir insandır.Qoxu almaq hissi həddən artıq olsa da, digər hissləri inkişaf etməyib. Arzu etdiyi qoxunu əldə etmək üçün isə hər şey edə bilər? “Nə?” deyə soruşmayın, çünki filmdə bütün cavablar var. Mən film və kitabdan eyni dadı aldım, hər ikisi böyük zövq verdi. Özünəməxsus mistikası olan film sizi cəlb etməyi bacaracaq! Xoş izləmələr!

2. The Reader – Qiraətçi

IMDb balı - 7.6

Alman ədibi Schlinkin çox sevilən“Qiraətçi” romanı 2008-ci ildə filmə çevriləndən sonra daha da məşhurluq qazandı. Mənə görə romanı kimi film də möhtəşəm idi. 15 yaşlı oğlanın 35 yaşlarında olan bir qadınla yaşadığı sevgi hekayəsi, Nazi Almaniyası dövrünün izləri, xəyanət, qaçış, uçurumlar, günah...

Film boyu hissdən hissə atlayacağınızı artıq bilirsiniz. Əsl vaxtıdır, bir azdan çayınızı (keçən səfər kofe sevmədiyimi bildirmişdim) da götürün, ekran qarşısına keçin.

3.Memoirs Of A Geisha – Geyşanın xatirələri

IMDb balı - 7.4

İkinci dünya müharibəsi illərində yoxsulailəsi tərəfindən satılan və kiçik yaşında geyşa olmaq üçün yetişdirilən Sayurinin həyatı oxuyucuları o qədər təsirləndirib ki, 2005-ci ildə kitabı Rob Marshallın rejissorluğu ilə filmə çeviriblər. Bu səfər kitabı heyranlıqla oxuyanların filmi sevməmə tərəddüdü gözlənilərkən, film Hollivodda böyük maraqla qarşılanır. Geyşa Mineko Iwasakinin həyatından təsirlənilərək yazılmış əsər bir sıra səbəblərə görə tənqid edilməsinə baxmayaraq, hissləri gözəl əks etdirdiyi üçün film olaraq da uğur qazanır. Odur ki, bu dəfə belə deyəcəm: Kitabı oxuyun, sonra filmi izləyin! Sevəcəyinizdən isə şübhə etmirəm.

4.The Girl with the dragon tattoo (Əjdaha döyməli qız)

IMDb balı - 7.8

Stiq Larsonun eyniadlı romanı əsasında ekranlaşdırılan film təkcə İsveçdə deyil, bir çox ölkədə olduqca sevildi. Film daha sonra bir neçə dildə çəkildi. Orijinal versiyasının minlərlə sevəni olsa da, David Finçerin rejissorluğunu etdiyi Amerika versiyası bu rəqəmi qat-qat artırdı. Təbii ki, mən də onu tövsiyə edəcəyəm.

Yalan bir ittiham ilə günahlandırılan Mikael Blomkvist adını təmizə çıxarmaq üçün əlindən gələni etməyə and içir. İsveçin sənayə rəhbərləri arasında yer alan Henrik Vanger isə itkin düşmüş çox sevdiyi qardaşı qızı Harrieti tapmağı Blomkvistə tapşırır. Başı onsuz da dərddə olan Blomkvist qızın ölümündən məsul olan ailənin malikanəsinə yollanır. Burada isə yolu Lisbeth Salanderlə kəsişir. Lisbethə isə Blomkvistin geçmişini araşdırmaq tapşırılıb.

Cinayət, detektiv, triller, eləcə də dramanı sevənlər üçün əla "mix" hesab etdiyim filmi siyahıya daxil etməsəm olmazdı!

5.Pride and Prejudice (Qürur və qərəz)

IMDb balı - 7.8

"Qürur və Qərəz" ingilis yazıçı Cane Austin tərəfindən 1796-1797-ci illərdə qələmə alınıb. 2005-ci ildə isə bu roman əsasında eyniadlı film çəkilib.

Film 5 bacının həyatından bəhs edir. Ailənin həyatı gənc, varlı Bingley və dostunun qonşuluğa köçməsi ilə alt-üst olur. Anaları qızları evləndirmək istəyir və bu gənci də bir namizəd kimi görür. O isə Ceynə vurulur... Ancaq hadisələr digər sevgi romanlarındakı kimi davam etmir. Qürurun hisslərin önünə keçdiyi filmdə fikirlər dəyişir. Drama və romantika sevənlərin kitab qədər filmindən zövq ala biləcəyini düşünürəm.

Nərmin Knyaz, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm