“Bəy” söylə, “yoldaş” de, “vətəndaş” çağır - müəllim demə
24.01.2020 08:26 Fikirlər

“Bəy” söylə, “yoldaş” de, “vətəndaş” çağır - müəllim demə

Müəllim sözünün izahlı lüğətdə açıqlaması belədir: "Nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən."; "Hər hansı sahədə nüfuz sahibi olan, başqalarına təsir edən, nümunə ola bilən adam; ustad".

Müqəddəs peşə

Bütün peşə sahiblərinin müəllimi olur: həkimi də, mühəndisi də, müğənnini də müəllim yetişdirir. Amma "hərşeyşünas"lar günü-gündən çoxalır. Bu, həm yararsız kadrların, həm də bu və ya digər sahəni tədris edən, ya da ki sadəcə, özünə müəllim titulu verən şəxslərin artmasına səbəb olur. Elə bəlkə də ona görədir ki, hamı müəllim olur?!

Sehrdir, tilsimdir bu söz...

Cəmiyyətdə insanların bir-birinə hörmət etməyi gözəl haldır. Amma necə deyərlər, elə bil hörmətin içinə maya qatmısan - kimə hörmət edirsən, şişir ... Bu sözü deyənin atasına rəhmət. Bax, cümlədəki kulminativ vəziyyətin göstərici elementlərindən biri də "müəllim" sözüdür.

Müəllim sözünü hər kimə xitab etsən, özündən biixtiyar özünü beş yüz min kitabın müəllifi saymağa başlayır. Əslində, heç bir kitabı da axıra kimi oxumayıb bəlkə də.

Hamımız ən azı bir dəfə müəllim olmuşuq

Yadınıza gələr yəqin… Toya gedəndə ofisiant, ya masabəyinin, bazara, mağazaya gedəndə satıcının, həkimə gedəndə həkimin sizə öz müəllimi adlandırdığı gün.

Mənzərə tanışdır, eləmi ?

Bəli. Hamımız həyatımızda ən azı bir dəfə kiminsə “müəllimi” olmuşuq…

Unutduğumuz idiomlardan istifadə edək

Hər gün sosial şəbəkədə nə qədər nitq seminarının keçirildiyinin şahidi oluruq. Belə tədbirlərə qoşularaq öz ana dili biliklərimizi möhkəmləndirə, nitqimizi gözəlləşdirə bilərik.

Diksiya təlimində mütəmadi iştirak həm də söz bazasına yüksək təsir göstərər və nəticədə biz, digərlərinə müraciət etmək üçün lüğətimizdə olan, lakin unutduğumuz idiomlardan istifadənin intensivliyini artıra bilərik.

Amma bu da şərt deyil. İnternetin bizə verdiyi imkanlardan istifadə edib, elə elektron formatda da öyrənə bilərik. Yetər ki istəyək.

Çıxış yolunu şair Bayram Novruz öz şerində demək olar çox sadə dildə göstərilib.

“Bəy” söylə, “yoldaş” de, “vətəndaş” çağır,

Hər yetən insana “müəllim” demə.

Bəlkə, heç pedaqoq deyildir fağır,

Müəllim olmayana “müəllim” demə.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm