"Bibiheybət" ərazisində sürüşmə yenidən aktivləşə bilər - Ekoloqdan açıqlama
25.11.2019 13:34 Fikirlər

"Bibiheybət" ərazisində sürüşmə yenidən aktivləşə bilər - Ekoloqdan açıqlama

Son zamanlar Bakı da daxil olmaqla bir çox rayonlarda sürüşmə zonalarında xüsusi aktivlik müşahidə edilir.

Ötən gün paytaxtda yağan intensiv yağış nəticəsində Bibiheybət ərazisində baş verən sürüşmə şəhərin mərkəzinə doğru gedən yolun asfalt qatının dağılmasına səbəb olub. Hadisədən sonra bir çox müəəsisələrə və şəxsi avtomobillərə ciddi ziyan dəyib.

Sürüşmə zonalarında müşahidə edilən aktivliyin səbəbi nədir? Bu vəziyyətin davam etməsi istisna olunurmu?

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən ekoloq Telman Zeynalov bildirib ki, sürüşməyə əsas səbəb yağan intensiv yağışlardır:

“Qeyd edim ki, uzun müddətdir Azərbaycan ərazisində bu cür intensiv yağış müşahidə edilmirdi. Ancaq son 4 gün ərzində yağan yağışlar sürüşməyə şərait yaradıb. Torpağa düşən yağıntı ağır gil qatına qədər hopub. Ağır gil qatını nəmləşdirdikdən sonra, sürüşkən hala gətirib”.

Ekoloq qeyd edib ki, sürüşmə zonlarındakı aktivliyin davam etməsi yağıntıdan asılıdır:

“Əgər hava bu bir həftədə olduğu kimi davam etsə, sürüşmə yenidən aktivləşəcək. Bunun qarşısını almaq üçün yalnız yaşıllıqların sayını artırmaq lazımdır. Mən deyərdim ki, belə yaşıllığın banisi Həsən Əliyevdir. O, Azərbaycanın bir çox yerlərində terras yaradıb, yaşıllıq əkirdi. Bu da ekosistemin qorunmasında əvəzsiz addımdır”.

Xəbərlər departamenti

Gündəm