Birtərəfli razılaşma
22.11.2019 12:23 Fikirlər

Birtərəfli razılaşma

Bəzən bizim “Dəyər” adlandırdıqlarımız yük olub qarşı tərəfin boynundan asılır. Biz isə heç bunun fərqində də olmuruq. Qarşı tərəf isə ya özündən, ya ömründən pay verərək bu yükü daşımağa məcbur olur, ya da yükümüzü özümüzə təhvil verib yoluna davam edir. Bu onun şəxsi seçimidir və sorğulamağa da haqqımız yoxdur, deyə düşünürəm.

Keçən dəfə dostlarımdan biri təxmini belə bir SMS yazmışdı: “Ona o qədər dəyər verirdim ki... Çox güvənirdim, bir-birimizə olan sevgimizdən əmin idim. Mənə olan sevgisini də, verdiyi dəyəri də hiss edir, açıq-aşkar görürdüm. Amma bir gün...

Günlərin birində: “Artıq bezmişəm, hər hərəkətin məni qıcıqlandırır, əsəbimi pozur. Belə davam edə bilmərəm, başqa evə köçürəm” – dedi və qapını çırpıb getdi...

Bir insan birdən-birə bu qədər dəyişə bilərmi?! Qəbul edə bilmirəm!”

Biz çox vaxt başqasına dəyər veririksə, bunu fərqli formada, lakin bizi qane edəcək şəkildə geri qaytarılacağına ümidlə edirik.

“Dəyər” adı altında nələrsə edir, ardınca dərhal daxili gözləmə rejiminə keçirik. Gündəlik işlərimiz, qayğılarımız başımızı qata bilər, gözləmələri müvəqqəti göz önündən bir kənara çəkə bilər, lakin yox edə bilməz. Bu gözləmə uzandıqca, məyusluq, ədalətsizlik, dəyərsizlik hiss edirik. Sonunda gözləmə üçün qeyri-ixtiyari qərar verdiyimiz zaman maksimum həddə çatıbsa, bu, üsyan, aqressiya ilə üzə çıxır. Və başlayırıq qarşı tərəfi lənətləməyə. Niyə? Çünki ona birtərəfli razılaşma əsasında dəyər vermişik və bəlkə də heç vaxt fərqində olmadığı məsuliyyətlə yükləmişik. Günlərin bir günü isə xəbərsiz olduğu bu razılaşma ilə qarşısına çıxır və niyə geri qaytarmadığını sorğulayır, məsuliyyətdən boyun qaçırdığı üçün ittiham edirik. İndi burada ədalətsizlik yaşayan kimdir?! Sualın cavabını hər kəsin öz vicdanına buraxıram, amma bu hissləri sənin də yaşadığına əminəm. O iki tərəfdən biri mütləq olmusan.

Bizə qarşı ədalətsizlik olduğunu düşünürüksə, bunun səbəbini öncə daxili aləmimizdə axtarmalıyıq.

Hər şey bizdən başlayır, həyat dənizinə axan çeşmənin mənbəyi bizdədir, bizdən qaynaqlanır. Başqalarına qarşı hətta fikri münasibətimiz belə, çox vaxt əməli olaraq geri qayıdır. Bir insana ağrı, əzab-əziyyətlə, məcburiyyətdən verdiyimiz hər şey ağrı-acı olaraq da geri dönəcək. Bizdən həyat ümmanına qarışan duyğu, fikir və əməlləri o süzgəcdən keçirib geri qaytarmağı yaxşı bilir.

Hər kəsdə bir “Mən” anlayışı var ki, onun mənafeyini qorumaq, üstün tutmaq öhdəliyimizdir.

Öz mənafeyini qorumaq dedikdə, çox vaxt insanlar boyun qaçırır, bunu təhqir kimi qavrayır. Lakin bu, təbii haldır. Daxilən hər birimizdə “özünüdüşünmə”, özünü üstün hesab etmə varsa, bunu danmaq qarşı tərəfi aldatmaqdan əlavə, özünü yanıltma, öz daxili aləminə qarşı durmaqdır. Özümüzə və qarşı tərəfə səmimi olmağı bacarmalıyıq. İnsan öz daxili dünyasına qarşı çıxarsa, bu kənardan hökmən duyulur və bir gün açıq-aşkar üzə çıxır. Riyakarlıq etməyin mənası yoxdur. İndi hansı şəkildə üzə çıxır, çıxacaqsa, bu da bizlərin fərqliliyi qədər müxtəlif, rəngarəngdir.

Kiməsə bir yaxşılıq etmək istəyəndə, dəyər verəndə özünə qarşı ədalətsizlik etmədən və qarşılıq gözləmədən etməlisən.

Əslində, yaxşılıq etmək insani və dini dəyərlər baxımından yüksək qiymətləndirilsə də, özümüzü etmək məcburiyyətində hesab və hiss etdiyimiz anda ədalətsizliyə çevrilir. Özü də kiməsə, nəyəsə qarşı yox, məhz özümüzə qarşı! Mənə görə bu dünyada ən böyük ədalətsizlik elə öz iradəmizlə özümüzə qarşı etdiklərimizdir. Daxili dincliyimizə, harmoniyamıza mane olan, onu əlimizdən alan kim olur-olsun ədalətsiz davranır. Lakin insan var, bir ömür boyu özünə ədalətsizlik edərək başqalarının xoşbəxt olmasına çalışır, birinin xoşbəxtliyini görüb özünün də xoşbəxt olacağına ümid edir. Lakin kiminsə haqqı kiminsə boğazında qalır, başdan pozulmuş ədalət prinsipi xoşbəxtliyə imkan vermir. Bu zaman da günahlandırma, qəzəb, nifrət duyğusu qonaq gəlir. O da öz gəlişi ilə narahatlıq, bədbinlik gətirmiş olur. Mənfi hisslərin daxili aləminə çağırılmamış qonaq kimi gəlişi isə buna bənzəyir; sanki ağlı başında olmayan bir əlisilahlı qapını döyür, sən isə sevginin tərk etdiyi boş yeri doldurmaq üçün gözübağlı qapını açırsan, o da daxili dünyanın tam mərkəzində əyləşir. Ram edə bilmədiyin müddətcə də sağa-sola əlindən min cür xəta çıxır. Bu vəziyyətdə ya özündə güc tapıb sevgini təkrar geri çağırmalı, onunla əlbir olub bu “yeddibaşlı əjdaha”nı xoşluqla qovmalısan.

Ya da hər an əlindən bir xəta çıxacaq, daxili dünyanı məhv edəcək qorxusu ilə bir ömür içdən-içə məhv olmalısan.

Xəbərlər departamenti

Gündəm