Bitməyən tətillər, azalmayan uşaq şıltaqlıqları - necə edək?
27.04.2020 13:12 Fikirlər

Bitməyən tətillər, azalmayan uşaq şıltaqlıqları - necə edək?

“Korona tətili” uzandıqca uzanır. “Daha nə qədər?” deməyin. Çünki heç birimiz bilmirik. Amma bircə onu bilirəm ki, bu tətilin tezliklə bitməyini dördgözlə gözləyirsiniz. Həm də lap çox. Təbii ki, bitəcək. Amma daha bir müddət vəziyyətin belə olacağı da dəqiqdir. Elə isə gəlin real vəziyyətə fokuslanıb çarələr axtaraq. Görək bu günlərdə uşaqlarımızın evdə bitməyən şıltaqlıqları ilə necə başa çıxa bilərik?

Bir çox beynəlxalq mütəxəssislərin fikirlərindən yararlanaraq qısa şəkildə övladlarınızla karantin dövrünü daha yaxşı və nisbətən rahat keçirə biləcəyiniz metodlardan danışacağıq. Əgər vaxtınız olursa və türkcə biliyiniz də yetərlidirsə, sizə çox uyğun bir platforma olacaq www.egitimpedia.com portalını tövsiyə edirəm. İndi isə gəlin qısa şəkildə övladlarımızla yaşadığımız karantin dövrü problemləri ilə başa çıxa biləcəyimiz metodların bəzilərinə diqqət edək.

Karantin dövründə valideynlər üçün oyunlar paketi (https://www.theparentingjunkie.com/wp-content/uploads/2020/03/PlayPandemic-Newer.pdf) hazırlayan valideynlik üzrə kouç Avital Şreyber Levi deyir ki, oyun uşaqlar üçün bir terapiyadır (Terapiya (therapeia) – yunan sözüdür, qulluq etmə, müalicə etmə deməkdir).

Bu ifadə istər karantin dövrü üçün, istərsə digər bütün zamanlarda uşaq tərbiyəsində çox vacib bir məsələni özündə ehtiva edir. Birmənalı olaraq hər bir valideyn başa düşməlidir ki, uşaqlar məhz oyunlar vasitəsilə daha çox zehni və fiziki inkişafa nail ola bilirlər. Həmçinin oyunlar vasitəsi ilə onların təşkilatçılıq bacarıqları, yaradıcılıqları da xeyli inkişaf edir. Ona görə də ilkin olaraq düzgün yanaşma kimi bu fikri əsas tuturuq və növbəti davranışlarımızı da məhz buna uyğun edirik.

Bu məqamda valideynlərin haqlı bir sualı yaranır: “necə edək ki, uşaqlar müstəqil şəkildə özləri oyunlar oynasınlar və bizim vaxtımızın hamısını almasınlar. Çünki həm digər işlərimizi görürük, həm uşaqlara baxırıq, həm də onların dərsləri ilə əlavə məşğul oluruq”. Bəli, əgər uşaqlarınız müstəqil şəkilə oyun oynamaq bacarığına sahib deyilsə, işiniz çətindir demək. Amma rahat olun, çıxış yolu var. Həm də xeyli. İndi gəlin o çıxış yollarını sıralayaq:

Bitməyən tətillər, azalmayan uşaq şıltaqlıqları - necə edək?

  • Evin ortasına tamamlanmayan və qarışıq halda olan oyun vasitələri qoyun. Məsələn, leqo, pazl kimi oyun vasitələrini evin ortasına qoyursunuz və qısa bir müddətdən sonra görəcəksiniz ki, övladınız onunla məşğul olmağa başlayıb və onu tamamlamağa çalışır. Çünki bu tip vasitələr uşaqları çox cəlb edir.
  • Övladınıza deyirsiniz ki, gəl səninlə 20 dəqiqə və ya yarım saat oyun oynayaq. Onun səhvlərinə göz yumun. Həddən çox müdaxilə etməyin. Ona diqqətli olduğunuzu hiss etdirin və ona oyun haqda suallar verin. Çalışın, o, sizə liderlik etsin. Hansı oyunu oynamaqla bağlı ondan soruşun və sonda birgə seçim edin. Bu hər hansı bir oyun ola bilər. Məsələn, böyük bir kağızda birgə rəsm çəkə bilərsiz və ya karton kağızdan maketlər yığa bilərsiniz. Birgə bir mahnı oxuya, rəqs edə bilərsiniz. Hər gün bir quş, heyvan və ya meyvə haqqında müzakirə aparıb öyrənmə oyunları edə bilərsiz. Seçimlər çoxdur və sizə ən uyğun olanı övladınızla birgə seçin. Yarım saat tamamlandıqdan sonra isə artıq əvvəldən müəyyən etdiyiniz vaxtın bitdiyini deyin və onunla olan oyunun maraqlı olduğunu bildirin. Ehmalca yanağından öpün, ya da qucaqlayın və işinizin ardınca gedin. Getməmiş ona deyin ki, oyunu bitirəndə də gəlib baxacam. Bunu qətiyyən təhdid kimi deməyin. Bu, diqqət göstərmək əlamətidir. Övladınız həmin oyuna davam edəcək.
  • Uşağınız üçün evdə müstəqil oyun meydanı açın. İmkan verin bir az dağınıqlıq da olsun. Onlar üçün qum, boya, su kimi vasitələrlə olan oyunlar daha uzun müddət məşğul ola biləcəkləri oyunlar deməkdir. Düzdür, bir az sizə çətin gələ bilər. Çünki yır-yığış və təmizlik vaxtınızı alır. Amma hər halda bütün gününüzü onunla keçirib heç bir iş görməməkdən daha yaxşıdır. Həm də bununla uşaqların müstəqil oyun oynama və vaxtlarını idaretmə bacarıqlarını inkişaf etdirmiş olursunuz. Mümkündürsə, evdə əşyalarınızı kənara çəkərək onlar üçün geniş bir oyun meydanı yaradın və orada lazımi şərait qurun. Ona deyin ki, oyunu tamamladıqdan sonra gəl mənə göstər və ya məni çağır gəlib baxım. Bununla siz ona diqqətli olduğunuzu göstərmiş olursunuz. Bu cür davranış isə övladınızı xoşbəxt edəcək.
  • Oyun oynayarkən, nağıl danışarkən və ya özü müstəqil oyun oynadıqda qətiyyən onu başqası ilə müqayisə etməyin. Uşaqlar tez-tez başqa uşaqla onu müqayisə edən valideynlərindən zəhləsi gedir. Övladınızla davranarkən səbirli olmağı unutmayın və onun sizin qədər sürətli ola bilməyəcəyinin fərqinə varın. Uşaqlar bir çox vaxt yavaş iş görməyi, yavaş öyrənməyi sevirlər və bu olduqca təbiidir.
  • Oyunları oynayarkən hər iki valideyn bu prosesdə iştirak etməlidir. Bütün bu işlər təkcə ananın və ya təkcə atanın öhdəsinə buraxılmamalıdır. Hər biri növbəli şəkildə bunları təşkil etməlidir.

"Evinizi məktəbə çevirməyin”, deyir Kembric Universitetinin professoru Paul Ramçandan və əlavə edir ki, “Evdə öyənmək məktəbdəkinə bənzəmək məcburiyyətində deyil, hətta bənzəməməlidir”.

Ona görə də bu günlərdə övladınıza sadəcə, akademik biliklər qazandırmağa fokuslanmayın. Qoy həm oynasın, həm də arada öyrənsin. Bütün günboyu elektronik cihazlarla birlikdə olmasına imkan verməyin. Bununüçün isə ən gözəl alternativ yuxarıda qeyd edilən birgə və müstəqil oyunlardır. Müstəqil oyun oynamaları üçün mütləq şəkildə onları təşviq edin və buna səbirlə nail olun.

Həbib Əlizadə, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm