“Bizdə kino qrimiylə toyxana qrimini qarışdırırlar” – Geyim rəssamı
İstər səhnədə, istərsə də ekran əsərində yaradılan obrazın dolğun alınmasında, aktyor oyununun tamaşaçı tərəfindən qəbul edilməsində geyim üzrə rəssamın işi mühüm əhəmiyyət kəsb edir. Personajın tamaşaçıya iri planda, müxtəlif rakurslardan, fərqli psixoloji məqamlarda təqdim olunduğu kinoda bu, xüsusilə vacibdir.
Bəs universitetdə bu peşə öyrənilirmi?
Mövzu ilə bağlı geyim üzrə rəssamı Elfira Hüseynova MediaPost-a açıqlama verib. Onun sözlərinə görə, kinoda geyim rəssamı spesifik sahədir:
“Universitetdə modelyerlik var, amma bunun kinoya dəxli yoxdur. Kinoda geyim rəssamı spesifik sahədir. Sovet dönəmində kinostudiyada rəssamlar özlərini təsdiqləyə bilməyəndə onları telestudiyaya göndərirdilər. Bir dəfə Oqtay Mirqasımovla “Günaydın mələyim” filminin çəkilişlərində məşhur modelyerin yanına gəldik. O, kolleksiyalarından birini təklif etdi. Oqtay müəllim dedi, bəlkə filmə uyğun şey tapılar. Ayan Mirqasımovanın personajı rəqs edir, ona uyğun nəsə lazım idi. Oqtay müəllim modelyerə dedi ki, əla kostyumlardır, amma bu, modadır, kino kostyumu deyil. Kinoda başqa aspektlər lazımdır. Bu, kino qriminə də aiddir. Bizdə kino qrimiylə toyxana qrimini qarışdırırlar. Halbuki fərqli sahələrdir”.