BMT qripə qarşı peyvəndi təkidlə tövsiyə edir
05.11.2020 09:12 Cəmiyyət

BMT qripə qarşı peyvəndi təkidlə tövsiyə edir

Şimal yarımkürəsinə qış mövsümünün yaxınlaşması və COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar ÜST-nin ekspertləri Silvi Briyan və En Moen sosial şəbəkə iştirakçılarının qripə qarşı peyvənd barədə suallarını cavablandırıb. Ekspertlərin gəldiyi əsas qənaət ondan ibarət olub ki, uşaqlar, qocalar, xroniki xəstəlikləri olanlar və hamilə qadınlar mütləq qripə qarşı peyvənd olunmalıdırlar.

"MediaPost" azərtac-a istinadən xəbər verir ki, bu barədə BMT məlumat yayıb. Yaşadıqları yerlərdə peyvəndetmə imkanları olanlara da təkidlə eyni tövsiyələr verilib.

Gəlin yaxşı xəbərlərdən başlayaq: qrip mövsümünün yenicə başa çatdığı Cənub yarımkürəsində bu təhlükəli xəstəliyə yoluxmanın göstəriciləri “tarixi aşağı səviyyə”yə enib. Bu, təbii ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlərlə bağlıdır. Qeyd edək ki, maskalardan istifadə, fiziki məsafənin saxlanması və əllərin tez-tez yuyulması hər iki sözügedən patogendən qorunmağa kömək edir.

Şimal yarımkürəsində bundan sonra vəziyyətin necə inkişaf edəcəyini söyləmək çətindir. Ekspertlər bir çox ölkələrdə COVID-19-a yoluxanların xəstəxanalara axınının öhdəsindən gələ bilmədiklərini nəzərə alaraq xəstəxanaların daha da yüklənməməsinin qarşısını almağa çağırır. Onlar bu istiqamətdə ən yaxşı vasitə kimi koronavirusa qarşı tətbiq olunan məlum qoruyucu vasitələrdən istifadə etməyi və qrip əleyhinə peyvəndlərin vurulmasını vacib sayır.

Vaksinin məhz bu il tətbiq olunması nə ilə bağlıdır? Görünür, bu həm də onunla bağlıdır ki, qrip immun sistemini zəiflədir və insanın koronavirusa qarşı müqavimətini azaldır. Yeri gəlmişkən, bu iki infeksiyanın bir çox simptomları – ümumi halsızlıq, bədən ağrıları, qızdırma və s. üst-üstə düşə bilər. Dad və qoxu itkisi COVID-19-a xas olan əlamətlər sayılsa da, dəqiq diferensial diaqnozun qoyulması yalnız laboratoriya şəraitində mümkündür.

Ümumiyyətlə, bu və digər xəstəlik yüngül keçdiyi halda evdə də müalicə olunmaq olar. Ancaq vəziyyətin pisləşməsi, nəfəs darlığı və digər təhlükəli simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət olunmalıdır. Müalicə məsələsinə toxunan ekspertlər xatırladıblar ki, hazırda COVID-19-un ağır formalarının müalicəsində öz effektivliyini sübut edən yeganə preparat deksametazon sayılır. ÜST xalq təbabətinin əleyhinə deyil, ona görə ki, zəncəfil və toyuq bulyonundan hazırlanan supun effektivliyi elmi cəhətdən təsdiqlənməyib. “Amma xoşunuza gəlirsə və bunun sizə kömək etdiyini hiss edirsinizsə, siz onları yalnız həkimin təyin etdiyi dərmanlara əlavə olaraq qəbul edə bilərsiniz”, – deyə E.Moen vurğulayıb.

Sualları cavablandıran ekspertlər onu da qeyd ediblər ki, hətta insan COVID-19-a yoluxandan sonra da qripdən peyvənd olunmalıdır. Xeyr, bu, təhlükəli deyil və immun sisteminiz üçün əlavə yük olmayacaq. Bir məsələni də qeyd edək: ötən il edilən peyvənd builki ştammdan qorumur. Birincisi, o ötən ilkindən fərqli ola bilər. İkinci səbəb isə peyvəndin get-gedə öz təsirini itirməsidir.

Xəbərlər departamenti

Gündəm