Boliviya prezidenti və vitse-prezidenti istefa verib
11.11.2019 06:18 Siyasət

Boliviya prezidenti və vitse-prezidenti istefa verib

Boliviya prezidenti Evo Morales və vitse-prezidenti Alvaro Qarsiya Linera rəsmən istefa verdiyini elan edib.

Mediapost.az "Report"-a istinadən xəbər verir ki, istefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini elan etməsindən az sonra məlum olub.

“Biz istefa veririk ki, bacı və qardaşlarımız, dövlət qulluqçularımız hücumlara məruz qalmasınlar və təhdid edilməsinlər”, - Morales belə deyib.

Bundan əvvəl ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.

Boliviyada hərbçi və polislər keçmiş prezident Evo Moralesin həbs edilməsi üçün axtarış elan ediblər.

Bu barədə müxalifətin üzvü Luis Fernando Kamaço bildirib. Onun sözlərinə görə, E. Morales barəsində həbs qərarı çıxarılıb.

Bundan əvvəl səhiyyə naziri Qabriela Montanyo Boliviya polisinin Moralesi həbs etmək niyyətində olduğunu bildirmişdi.

Meksika isə istefa verdiyini bəyan edən keçmiş prezidentə sığınacaq verməyə hazır olduğunu bildirib.

Bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard özünü “Twitter” səhifəsində yazıb.

“Müdaxilə etməmək və sığınacaq vermək ənənəsinə uyğun olaraq Meksika La Pasdakı rəsmi iqamətgahında Boliviyanın icra və qanunverici orqanının 20-dən çox əməkdaşına sığınacaq verib. Evo Moralesə sığınacaq verilməsini də təklif etmişik” deyə XİN rəhbəri yazıb.

Bundan əvvəl Ebrard Boliviyada baş verənləri “hərbi əməliyyat” adlandırıb və Meksikanın bunu qəbul etməyəcəyini bildirib.

Qeyd edək ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb.

Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm