Bolqarıstanın faşist Qaragin Njde "sevgisi" - Bunun arxasındakı səbəblər
11.08.2020 10:02 Siyasət

Bolqarıstanın faşist Qaragin Njde "sevgisi" - Bunun arxasındakı səbəblər

Bolqarıstanda erməni faşizminin nümayəndəsi Qaragin Njdeyə həsr edilən film çəkilib. Filmi Bolqarıstanda yaşayan erməni xeyriyyəçi maliyyələşdirib. Bundan başqa, yayılan məlumatlarda bolqarıstanlı bir heykəltaraşın erməni faşistinə büst də hazırladığı və yaxın vaxtlarda açılışının olacağı bildirilir.  

Tarixə nəzər saldıqda faşist zülmündən əziyyət çəkən bir xalqın digər bir faşisti bu qədər yüksəltməsinin mərkəzində nə dayanır? Bolqarıstan hakimiyyətinin belə bir addım atmaqda məqsədi nədir?

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, Ermənistan dövləti, xüsusilə də Serj Sarkisyanın partiyası sayılan Respublikaçılar partiyası tərəfindən təbliğ olunur:

“Bolqarıstanda heykəl qoyulması birinci belə hal deyil. Ermənistanın müstəqillik dövründən sonra ən böyük büdcəli filmi (7 milyon dollar) 2012-ci ildə məhz Qaragin Njde haqqında çəkilib. Baxmayaraq ki, Njde faşist təfəkkürlü insan olub, alman nasizminə xidmət edib və buna görə də həm keçmiş Sovet Respublikalarının, xüsusilə Rusiyanın ərazisində mənfi obraz kimi qəbul olunur və Ermənistan özü Rusiya ilə çox sıx hərbi əməkdaşlıq edir, Ermənistanda hətta Rusiyanın etirazlarını nəzərə almadan ona böyük bir heykəl ucaltdılar. Njde faşistdir. Bu, birmənalıdır, o, erməni faşist təşkilatı olan “Tseğakron” ideyasının yaradıcısıdır. Bundan əlavə, o, Hitlerin uşaq düşərgələrinə bənzər erməni uşaqları üçün düşərgələrin də yaradıcısı olub. Bir çox tarixçilər bu təşkilatı ermənilərin “Hitlerjugend”i adlandırırlar. Ancaq Njdenin fəaliyyətinin böyük bir qismi Bolqarıstanda olub. O, türklər əleyhinə kitablarını Sofiyada yazmış, burada erməni faşist jurnal və qəzetlərini çıxarıb. Njde Rumıniya və Bolqarıstan ərazisində “Tsexakron” üzvlərindən ibarət faşist döyüşçü qrupları, hərbi birlikləri yaradıb. Eyni vaxtda o, daşnaklardan və keçmiş erməni əsgərlərindən ibarət “AG-114” casus hərbi-kəşfiyyat qrupuna da yaxından dəstək verib. Bu qrup Krımdan və Qafqazdan faşist ordusuna casusluq edir və kəşfiyyat məlumatları ötürürdülər. Njde Krımda da alman faşist dəstələri ilə koordinasiyalı fəaliyyət göstərmişdi. Məhz buna görə də, nə qədər Sovet İttifaqını Türkiyə ilə müharibəyə həvəsləndirib, bəraət almağa çalışsa da, həbs edilib, həbsxanada da cani kimi ölüb”. 

Ekspert əlavə edib ki, burada bizə düşən əsas məsələ onun faşist fəaliyyətini Bolqarıstan hökuməti qarşısında qaldırmaqdır: “Ola bilsin, ermənilər onun Sofiyadakı həyat və fəaliyyətini önə çəkərək, həm ona heykəl qoyulmasına, həm də film çəkilməsinə nail olublar. Biz isə Bolqarıstan rəsmilərindən nəyə görə faşist fəaliyyətləri və faşist ideologiya yaradıcısı birinə bu qədər ehtiram göstərmələrinin səbəbini soruşmalıyıq. Çünki həm Bolqarıstan, həm də bolqar xalqı faşist zülmündən çox əziyyət çəkib, minlərlə günahsız qurban verib, ölkənin resursları talan olunub, ölkə xarabalığa çevrilib. Bolqarıstanın özündə də məhz faşizmə qarşı mübarizə apardıqları ilə fəxr edirlər və bu mübarizədə bolqar xalqının oynadığı rolu hələ də fəxrlə qeyd edirlər. Belə olduğu təqdirdə, Bolqarıstan ictimaiyyətinə çatdırmaq lazımdır ki, belə bir ideoloji faşistin yüksəldilməsi, ona heykəl qoyulması, film çəkilməsi, təntənəli açılış mərasimi Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin əleyhinə olmasından, bizə qarşı hörmətsizlik olmasından əlavə, elə birinci bolqar xalqına və Bolqarıstan dövlətçiliyinə qarşı təhqirdir”.

Məleykə Ağasoy

Gündəm