Böyük ölkələrin dollardan imtinası reallaşır? - ŞƏRH
20.12.2019 14:48 Fikirlər

Böyük ölkələrin dollardan imtinası reallaşır? - ŞƏRH

Uzun müddətdir ABŞ-Türkiyə arasında yaşanan gərginliyə yeni biri də əlavə olunub.

Belə ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kuala Lumpurda Liderlər Zirvəsindəki çıxışı münasibətlərin yenidən kəskinləşəcəyini göstərir.

Ərdoğan Zirvədəki çıxışında xarici valyutalarla ticarət əvəzinə milli valyutalarla alış-verişin əhəmiyyətinə diqqət çəkib. O, Türkiyə, Rusiya və Çinlə birlikdə dolların qlobal bazarda “hegemonluğu”na son qoymaq üçün milli valyutalarla ticarət edə bilmək üzərində işlər aparıldığını deyib.

Mövzu ilə bağlı "MediaPost"-a açıqlama verən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, ölkələr öz aralarında vahid valyuta yaratsalar, öncə milli iqtisadiyyatlarının nə qədər ixracdan asılı olduğu nəzərə alınmalıdır:

Böyük ölkələrin dollardan imtinası reallaşır? – ŞƏRH

“Burada diqqət edilməli bir çox məqam var. Məsələn, ilk olaraq Türkiyə, Çin, Rusiya, Hindistan, Braziliya milli iqtisadiyyatı dollardan asılıdır. Yəni idxala söykənir. İdxala söykənən iqtisadiyyat heç cürə dollara qarşı duruş gətirə bilmir. İkinci vacib bir məsələ, belə ölkələrin inkişafının müəyyən bir hissəsi beynəlxalq valyuta mərkəzləri ilə əlaqədardır. Yəni beynəlxalq valyuta mərkəzləri kredit verməzlərsə, bu ölkələrdə müəyyən problemlər meydana çıxa bilər. Hətta həmin ölkələrdə hakimiyyət dəyişikliyinə də səbəb olar. Türkiyə ilə Amerika arasındakı gərginlikdə Türkiyə lirəsi dollar qarşısında yüksək rəqabət qabiliyyətinə malik deyil. Ötən ildən etibarən davam edən S-400 böhranı ilə bağlı Trampın tətbiq etdiyi sanksiyaların fonunda Türkiyə iqtisadiyyatı çökməyə başladı və lirə devalivasiyaya uğradı. Həmin dövrdə milli iqtisadiyyatın dayanıqsızlığı, Türkiyə İstanbul birjalarında xarici valyutaların kəskin bahalaşması ölkə iqtisadiyyatını çalxaladı. Digər bir amil Türkiyə iqtisadiyyatının idxaldan asılı vəziyyətə düşməsi ilə əlaqədar idi. Sonra Ərdoğan vaxtaşırı müxtəlif siyasi tədbirlərdə və sammitlərdə bunu qeyd etməyə başladı ki, Amerikadan asılı olmayan ölkələr birgə valyuta yaratmalıdır. Bunun vastəsilə də dünyadakı dolların "hegemonluğu"na son qoymalıdırlar. Lakin bu nə dərəcədə mümkündür? Çünki Türkiyə bir şeyi istehsal edirsə, Rusiya başqa bir şey istehsal edir və Rusiyadakı malın bazar dəyəri Türkiyədə istehsal olunan həmin malın eyni dəyəri qədər deyil. Yəni iki ölkənin valyutaları arasındakı fərq müxtəlifliyi var. Ona görə də istər-istəməz iki ölkə bir-biri ilə ticarət edərkən, beynəlxalq pul vahidini ekvivalent götürərək mübadilə edirlər. Amma özləri arasında mübadiləni məcburdurlar ki, bu və ya başqa formada digərinin ziyanı əsasında həyata keçirsinlər”.

Ekspertin sözlərinə görə, bir-birinə güvənən dövlətlər Çin, Hindistan, Rusiya Türkiyə güclü iqtisadiyyata malik deyillər ki, dolların hakimiyyətinə son qoysunlar:

“Əlbəttə ki, siyasi iradə, siyasi qul olmamaqla bağlıdır. Şübhəsiz ki, Ərdoğan da belə bir tendensiyanı izləyir. Elə hesab edir ki, ABŞ-dan nə qədər az asılı olsa, milli iqtisadiyyat ixrac üzərində köklənsə, o zaman ölkələrin müstəqillik və suverenliyi daha güclü olar. Təbii ki, bu bir istəkdir. Amma bu istəyi nə dərəcə də yerinə yetirmək olar. Məsələn, Ərdoğanın Kuala Lumpurdakı Zirvə Görüşündəki çıxışı milli valyutaların gücləndirilməsi ilə bağlıdır. Və birbaşa ABŞ-ı hədəf alması son günlərdə baş verən anti-Türkiyə mənzərəsi ilə üst-üstə düşür. Şübhəsiz ki, ABŞ-ın siyasi elitası demokratlar və respublikaçılar partiyası anti-Türkiyə ab-havasına qapılıblar. Bütün bunlar ABŞ-ın S-400 məsələsinə görə, Türkiyəni cəzalandırma istəyindən irəli gəlir. Lakin bu, Tramp administrasiyasının istəyi ilə üst-üstə düşmür. Çünki ABŞ-ın prezident administrasiyası Türkiyə ilə əməkdaşlığın tərəfdarıdır. Bir qədər dərinə getdikdə, qazanılmış Ermənistan itirilmiş Türkiyə anlamına gəlir. Ermənistanla Türkiyəni bir tərəziyə qoymaq, əslində, ABŞ üçün Yaxın Şərqdə böyük itki deməkdir”.

Ə. Əlibəyli əlavə edib ki, Ərdoğanın Kuala Lumpurdakı Zirvə Görüşündən olan çıxışı ABŞ-la yeni gərginliyin yaranmasına rəvac verəcək:

“Ehtimal ki, yaxın zamanlarda Tramp administrasiyası Türkiyəni cəzalandırmağa çalışacaq. Bilirsiniz ki, Türkiyə iqtisadiyyatı Trampın bir tvitindən asılıdır. Bunun vasitəsilə Türkiyə iqtisadiyyatını istənilən formada çökdürə bilər. Ona görə də, düşünürəm ki, yaxın zamanlarda biz bununda şahidi olacağıq. Lakin ümumi götürdükdə dünya ölkələrinin dollara qarşı effektiv tədbir görməsi mümkün deyil. Biz bunu Rusiyada, çökdürülmüş İranda, Çinə qarşı tətbiq olumuş ticarət müharibələrindəki sanksiyalarında da gördük. Bunların heç birində ABŞ valyutası heç bir zərər görmədi”.

Mövzu ilə əlaqədar açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli "MediaPost"a bildirib ki, zaman-zaman bəzi ölkələrin dollardan imtina etməsi ilə bağlı bəyanatlarını görmüşük:

Böyük ölkələrin dollardan imtinası reallaşır? – ŞƏRH“Nə qədər dollardan imtina etmək istəsələr də, praktiki cəhətdən bunun həyata keçirilmə mexanizmləri yoxdur. Çinlə Rusiya 5 il bundan öncə qarşılıqlı ticarətdə dollardan imtina ilə bağlı qərar verdilər. Nəticəsi nə oldu? Bu günə qədər də dollardan imtina mümkün olmayıb. Hətta qarşılıqlı ticarətdə dolların tərkibi azalıb, avronunku artıb. Yəni iş adamları, ticarətdə önə çıxan insanlar siyasi məsələlərdən uzaqdırlar. Dollardan imtina bəyanatlarının da kökündə hər zaman siyasi məsələlər durur. Ona görə də, bu onlara sərf etmir. İki-üç qat məzənnə itkilərinə məruz qalırlar. Çünki nəticə etibarilə rubl, yuan və ya lirə ilə ticarət etdikdən sonra həmin əldə etdikləri vəsaiti dollara ya da avroya çevirməlidirlər. Onlar da məzənnə itkisinə məruz qalmasınlar deyə, ya birbaşa dollarla, ya da avro ilə əməliyyat aparırlar. Yəni dollardan imtina, əslində, avroya keçid deməkdir. Bunun başqa izahı yoxdur. Bu səbəbdən də mən düşünmürəm ki, belə bəyanatların ciddi əsası olsun. Dünya ticarətinin bu gün də 71 faizdən bir az yuxarısı dollar üzərindən aparılır və müqavilələr dollarla həyata keçirilir. Bu da iş adamlarının məzənnə itkilərindən sığortası deməkdir”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm