BTQ ilə Azərbaycandan ilk dəfə ixrac yönümlü yüklər nəql edilib
12.01.2021 10:43 İnfrastruktur

BTQ ilə Azərbaycandan ilk dəfə ixrac yönümlü yüklər nəql edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC bu ilin ilk günlərindən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsi ilə ilk dəfə olaraq ixrac yönümlü yüklərin nəqlinə start verib.

“ADY Express”dən “MediaPost”a verilən məlumata görə, ixrac yüklərini xarici bazarlara çıxarmaq fəaliyyətini əsas istiqamətlərindən sayan "ADY Express" bu dəfə “Baku Steel Company” MMC-in istehsal etdiyi metal konstruksiyaları Türkiyəyə nəql etməyə müvəffəq olub. Yüklər Bakıdan Türkiyənin Payas stansiyasına çatdırılıb.

Metal konstruksiyalar "ADY Express"in təqdim etdiyi yarımvaqonlara yüklənərək Axalkalaki stansiyasına çatdırılıb. Burada Türkiyə dəmir yollarına məxsus vaqonlara aşırılan yüklər daha sonra yolunu davam etdirib.

Ümumi olaraq isə 75 vaqonla 5 min ton metal konstruksiyanın nəqli nəzərdə tutulub ki, onlardan ilk 15 vaqon artıq Türkiyəyə çatdırılıb, yüklərin daha bir hissəsi yoldadır. Bakı-Tbilisi-Qars vasitəsi ilə bu cür yüklərin bundan sonra da nəqli nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci ildə "ADY Express" Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə ümumilikdə 49 739 ton yük nəql edib ki, bu yüklərin 97%-i tranzit, 3%-i isə idxal yüklərin payına düşüb. Müqayisə üçün, 2019-cu ildə BTQ vasitəsi ilə şirkət 25 722 ton yük nəql etməyə müvəffəq olub.

Könül Vəliyeva

Gündəm