Bu avtobuslar Bakıda sərnişin sıxlığını aradan qaldıracaq - RƏY
06.02.2020 11:15 İqtisadiyyat

Bu avtobuslar Bakıda sərnişin sıxlığını aradan qaldıracaq - RƏY

Həmin avtobusların 20 ədədi 18 metr, qalanı isə 12 metrlikdir.

"Finans.az" xəbər verir ki, nəqliyyat üzrə ekspert Azər Allahverənov uzunluğu 18 metr olan avtobusların hər hansı zaman kəsiyində və bir marşrut daxilində daha çox sərnişin daşımaq iqtidarında olduğunu bildirib:

"Hər hansı marşrut üzrə iritutumlu avtobusların istifadəsi sərnişinlərin ehtiyacını ödəmiş olursa, bu zaman həmin marşrutlarda fəaliyyət göstərən avtobusların sayında müəyyən azalmalar edilə bilər. Belə ki, sərnişin sıxlığı çox olan xətlərdə bir neçə avtobus buraxmaqdansa, iritutumlu bir avtobusu xəttə buraxıb sərnişinlərin eyni vaxtda və rahatlıqla mənzil başına çatmasını təmin etmək mümkündür.Təbii ki, burada əsas məqsəd sərnişindaşıma imkanını artırmaqdır. Uzunluğu 18 metr olan avtobusların sərnişin tutumu böyük olduğundan daha çox sərnişinlərin daşınmasına səbəb olacaq. Buna görə də bu avtobuslar xəttə buraxılarkən həmin ərazidəki sərnişin sıxlığı da nəzərə alınacaq".

Təbii olaraq, sözügedən avtobusların rahat şəkildə hərəkəti üçün imkanlar olmalıdır və onların çoxzolaqlı, geniş küçə və prospektlərdə istismarı nəzərdə tutulub. Eyni zamanda həmin ərazilərdə yaşayan əhalinin sayı, sərnişinlərin intensivliyi, ictimai nəqliyyatdan istifadə edən insanların sayı da nəzərdən keçirilir. Təhlükəsizlik məsələləri və sərnişindaşımanın komfortlu olması da əsas şərtdir.

Lakin bu, o demək deyil ki, sayı azaldılan avtobuslar tamamilə kənarlaşdırılır. Həmin avtobusların daha çox cəlb ediləcəyi marşrutlar nəzərdən keçirilir. Şübhəsiz ki, Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı daşıyıcı şirkətlər ilə danışıqlar aparır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm