"Bu, başqa ölkələrin Qərbə inamını sarsıdacaq" - Rusiya-Ukrayna müharibəsi ilə bağlı VACİB MƏQAMLAR
"Ukrayna Rusiya ilə müharibədə hərbi yolla qalib gələ bilməyəcək". Bunu təqaüddə olan amerikalı polkovnik-leytenant Daniel Devis deyib. Onun fikrincə, qarşıdurma dayandırılmalıdır ki, cəbhə xətti Qərbə keçməsin. Devis qeyd edib ki, maliyyə və hərbi dəstək heç bir nəticə verə bilməz: "Və bu, Ukraynanın hərbi yolla qalib gəlməyəcəyini deməyə əsas verir".
Bəs görəsən, Daniel Devisin fikirlərində həqiqət varmı? Ümumiyyətlə, müharibə davam etsə, savaşın Qərb cəbhəsinə keçməsi mümkündürmü?
Mövzunu "MediaPost"a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, Ukrayna prezidentinin son zamanlar verdiyi açıqlamalarda bədbin notlar var: "Onun müharibə "bizim istədiyimiz kimi davam etməyəcək" deməsi, eləcə Zalujnının "müharibə dalana dirənib" açıqlaması savaşın gedişatında problemlərin olduğunu deməyə əsas verir.
Digər tərəfdən, Qərbin bu müharibəyə əvvəlki kimi təşəbbüs göstərməməsi hiss olunur. Bu, müharibənin gedişatında müəyyən uğursuzluqların olacağını deməyə əsas verir. Amma müharibənin genişlənib Aİ ölkələrini əhatə etməsi real görünmür. Burada qəribə mənzərə yaranıb. Ukraynanı müdafiə edənlərin hər biri açıq bəyan edir ki, Rusiya-Ukrayna savaşında dünyanın taleyi həll olunur. Belə bir halda isə gedişat müsbət deyil. Odur ki, müharibə Ukraynanın xeyrinə başa çatmazsa, hərbi əməliyyatlar Qərb ölkələrini əhatə etməyəcək. Ancaq bu, siyasi, ictimai və mədəni cəhətdən Qərb ölkələrini əhatələyə bilər. Bu ölkələrdə Rusiyanın nüfuzunun artması, ABŞ və Aİ-nin nüfuzunun isə azalması mümkündür. Hətta Aİ-nin dağılması belə baş verə bilər. Hesab edirəm ki, yaxın perspektivdə Rusiya-Ukrayna cəbhəsində Kiyevin xeyrinə irəliləyiş baş verməsə, bu istiqamətdə bədbinlik artacaq və başqa ölkələrin Qərbə inamı sarsılacaq".