"Bu, Ermənistanda xaosla nəticələnəcək" - 2020-ci il regiona nə vəd edir? (ŞƏRH)
Sonuna yaxınlaşdığımız 2019-cu il hər bir ölkənin tarixində fərqli izlər buraxıb. Bəzi dövlətlər müharibə, iqtisadi tənəzzül, etirazlar dalğası ilə mübarizə apardı, bəziləri də çətin proseslərdən keçməsinə baxmayaraq bu ildən üzü ağ çıxdı.
Ölkəmiz isə regionda və dünyada cərəyan edən bu çətin proseslərin fonunda öz iqtisadi inkişaf dinamikası, sosial sabitliyi ilə ili yekunlaşdırmağa hazırlaşır.
Bəs qarşıdan gələn 2020-ci il ölkəmiz üçün nələr vəd edir? Xarici siyasətdə nələr yarım qalıb , nələr həllini gözləyir?
Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, bununla bağlı bir neçə istiqamətdə cavablar var:
"Azərbaycanın artıq genişləndirilmiş humanitar siyasəti Fransa, Avropa,
Amerika və dünyanın bir sıra vacib nöqtələrində həyata keçirdiyi sosial
proyektlər dolayısı ilə Ermənistanın arxasındakı dövlətlərə başqa bir
mesaj xarakteri daşıyır".
Ekspert xarici siyasətdə həllini gözləyən əsas məsələlərdən birinin Dağlıq Qarabağ məsələsi olduğunu qeyd edib:
“Azərbaycan xarici siyasətində digər bir məsələ 2019-cu ildə davam edən Dağlıq Qarabağla bağlı xətt idi. Bilirsiniz ki, uzun müddətdir problem öz həllini tapmır. 2020-ci ildə mütləq şəkildə xarici siyasətdəki əsas xətt yenə də Dağlıq Qarabağ problemi təşkil edəcək. Amma mən hesab edirəm ki, lobbi və diaspora siyasəti artıq dəyişik formada, yəni birbaşa Ermənistan deyil, onun arxasında dayanmış digər qüvvələrə qarşı lobbi siyasəti həyata keçirmək mümkün olacaq. Çünki birbaşa Ermənistanın Dağlıq Qarabağla bağlı addımı həlledici deyil. Bu da nə ilə əlaqədardır? Azərbaycanın artıq genişləndirilmiş humanitar siyasəti Fransa, Avropa, Amerika və dünyanın bir sıra vacib nöqtələrində həyata keçirdiyi sosial proyektlər dolayısı ilə Ermənistanın arxasındakı dövlətlərə başqa bir mesaj xarakteri daşıyır. Və o mesajın içərisindəki dayanan ciddi mənalardan da biri Ermənistanın arxasında dayanmış xristian dünyasıdır ki, Azərbaycan tərəfi də həmin ölkələrdə sosial layihələr həyata keçirir. Vatikan, Fransa, İtaliyanın hansısa, dini məbədlərində, elə Gürcüstanın özündə xristianlığa məxsus dini ibadət məkanlarında gördüyümüz işlər, həm də xristian dünyasında Ermənistanı təkləməyə doğru yönəlmiş addımlardan biridir. 2020-ci illə bağlı məsələni bir az da genişləndirmək olar ki, Azərbaycan enerji layihəsində daha ciddi tərəfdaşlar cəlb etməyi düşünür. Bilirsiniz ki, burada əsas məsələ şübhəsiz, Orta Asiyanın Azərbaycan vasitəsilə Avropaya enerji ehtiyatlarını ixrac etməsidir. Yəqin ki, Azərbaycan çalışacaq ki, Rusiya, İranı da məhz bu xətt üzərindən Avropaya çıxartmaqda kömək etsin”.
"2020-ci ildə Ermənistanın daxilində qarşıdurmaların güclənməsi və Paşinyanla bağlı məsələnin öz həllini tapması ehtimalı güclənib və güman ki, bu, Ermənistanda xaosla nəticələnəcək".
Ə.Əlibəyli onu da əlavə edib ki, 2020-ci il üçün əsas məsələlərdən biri də regional siyasətdə təhlükəsizlik amilidir:
“Məhz Azərbaycanın hazırda neft kəmərləri vasitəsilə və qaz kəmərləri xəttinin yaratdığı xətt boyunca formalaşan əməkdaşlıq siyasəti Gürcüstanın özünü də qarşıdurmalardan xilas edir. Hesab edirəm ki, növbət ildə bizim regionda sülhün pozulması üçün hansısa bir imkanlar olmayacaq. Amma vacib məsələ ondan ibarətdir ki, 2020-ci ildə Ermənistanın daxilində qarşıdurmaların güclənməsi və Paşinyanla bağlı məsələnin öz həllini tapması ehtimalı güclənib və güman ki, bu, Ermənistanda xaosla nəticələnəcək. Hesab edirəm ki, Azərbaycanın cəhhə xəttində hərbi əməliyyatların da aktivləşməsi də mümkündür. Bir də vacib məqam ondan ibarətdir ki, Avropaya inteqrasiya ilə bağlı o müəyyən korrektələr xarici siyasətdə artıq Azərbaycanın digər güc mərkəzləri ilə əməkdaşlığa can atması və onlarla əməkdaşlıqdan faydalanması məsələsi əsas götürüləcək. Çünki Avropada həm təktərəfli, həm əməkdaşlıq müqavilələri, həm də Avropa strukturları ilə Azərbaycan hökuməti arasındakı münasibətlər siyasi rəngindən asılı olmayaraq davam edəcək. Amma prioritetlər daha çox regional birgə əməkdaşlığın əsasında həyata keçiriləcək”.