“Bu, Ermənistanın bölgədə növbəti dəfə müharibəyə hazırlaşdığını göstərir” – İLGİNC AÇIQLAMA
“Artıq 44 günlük Vətən Müharibəsindən sonrakı dövrdə mina terroru daha sistematik və dəhşətli vəziyyət alıb. Bir gecənin içində bu qədər Azərbaycan vətəndaşının Ermənistanın növbəti terroruna qurban getməsi bütün dünyanı narahat etməli olan bir məsələdir”.
Bu fikirləri Ermənistanın mina terroru ilə bağlı mövzunu “MediaPost”a şərh edərkən politoloq Tural İsmayılov səsləndirib. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı çoxvektorlu cinayətləri davam edir: “Təbii ki, bu cinayətlərin davam etməsi nəticəsində mülki vətəndaşlarımız, polis əməkdaşlarımız və hərbçilərimiz şəhid olur. Təəssüflər olsun ki, bu günə qədər Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının siyasi manipulyasiya etmək məcburiyyətində qaldığını hiss edən bəzi dairələr rəsmi Bakıya qarşı həyata keçirilən “mina terroru”na indiyədək səs çıxarmayıb.
Artıq 44 günlük Vətən Müharibəsindən sonrakı dövrdə mina terroru daha sistematik və dəhşətli vəziyyət alıb. Bir gecənin içində bu qədər Azərbaycan vətəndaşının Ermənistanın növbəti terroruna qurban getməsi bütün dünyanı narahat etməli olan bir məsələdir. Bir tərəfdə Azərbaycan dövlətinin sülhpərvər mövqeyi var. Azərbaycan dünyada yeganə presedentlərdən birini yaradıb. Biz hətta torpaqlarımızın işğalı dövründə Ermənistana barış əlini uzatmışıq və müharibəni heç vaxt əsas variant kimi nəzərdən keçirməmişik. Eyni zamanda biz torpaqlarımızı işğal edən dövlətə müharibədən sonra da sülhlə bağlı çağırışlar etmişik. Rəsmi Bakı İrəvana 5 maddəlik sülh təklifi göndərib. Lakin görürük ki, bu günə qədər Ermənistan tərəfindən Azərbaycanın göndədiyi təkliflərə qarşı qeyri-səmimi münasibət sərgilənir”.
Politoloqun sözlərinə görə, bu gün Ermənistan hakimiyyətinin Azərbaycan ərazilərində həyata keçirdiyi çoxvektorlu terror hadisələri əsla qəbuledilməzdir: “Bütün bunlar Ermənistanın bölgədə növbəti dəfə müharibəyə hazırlaşdığını və vəziyyəti qəsdən gərginləşdirməyə çalışdığını göstərir. Artıq günlərdir şərti sərhədlərdə silahların susmaması, mina terroru ilə vətəndaşlarımızın öldürülməsi, Ermənistanın etnik zəmində 21-ci əsrin qayda-qanunlarına uyğun gəlməyən neofaşist siyasətini dövlət ideologiyası halına gətirməsi bütün bölgəni təhdid edir. Bu da Ermənistanın layiqli cavabını almağını zəruri edən bir hadisəyə çevrilir”.