"Hər bir gəncimizdə vətən təəsübkeşliyi olmalıdır" - ŞƏRH
27.01.2020 12:17 Fikirlər

"Hər bir gəncimizdə vətən təəsübkeşliyi olmalıdır" - ŞƏRH

Bu sözləri "MediaPost"a açıqlamasında hərbi jurnalist Zaur Mahmudov deyib.

Ekspert bildirib ki, vətənə məhəbbət hissi olmayan adamda əxlaqi kamillikdən danışmaq olmaz: "Vətən torpağı, xalqın mənəvi həyatı tükənməz bir xəzinədir. Vətən təəsübkeşliyi, vətənpərvərlik milli qürur və milli ləyaqət hissi hər bir gəncimizdə olmalıdır. Məhz bu hisləri özünün həyat amalına çevirən gənclər bu vətənin ən dəyərli övladlarıdır".

Gənclərimiz müqəddəs bayrağımızı işğaldan azad olunacaq torpaqlarımızda dalğalandıracaq

Jurnalist bu gün Azərbaycan gəncinin vətənpərvərlik ruhunda böyüdüldüyünü də qeyd edib: "Vətənpərvərlik , vətəndaşlıq duyğusu xalqın, vətənin taleyinin tərkib hissəsidir. Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir. Bu gün Azərbaycan gənci bu ruhda böyüməlidir və fikirimcə, bu ruhda da böyüyür. Bunu biz 2016-cı ilin aprel döyüşləri zamanı bir daha gördük. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, vətənə, millətə, dövlətə sədaqət ruhunda tərbiyə olunmasında müvafiq dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV tərəfindən işlər aparılır. Könüllülük hərəkatı da bunun tərkib hissələrindən biridir. Təsadüfi deyil ki, bu il Prezidentimiz tərəfindən "Könüllülər ili" elan olunub. İnanıram ki, bu il aparılacaq işlər bu sahəyə stimul vermiş olacaq. Uzun illər həm orduda xidmətim vaxtı, həm də hərbi vətənpərvərlik ruhunda verilişlər hazırlayarkən Azərbaycan gəncinin xidmətə münasibətini birbaşa müşahidə etmək imkanım olub. Hər bir gəncimizin necə böyük həvəslə vətən borcunu yerinə yetirdiyinin şahidi olmuşam. İnanıram ki, məhz bu gənclərimiz müqəddəs üçrəngli bayrağımızı işğaldan azad olunacaq yurd yerlərimzdə dalğalandıracaq".


.

Xəbərlər departamenti

Gündəm