"Bu, narkomaniyaya bənzəyir və həzz verməyə başlayır" - ŞƏRH
22.02.2020 14:20 Fikirlər

"Bu, narkomaniyaya bənzəyir və həzz verməyə başlayır" - ŞƏRH

Min illər əvvəl yaranan korrupsiya və rüşvət qlobal miqyasda toplumun təməlini təhdid edir. Aradan keçən əsrlər boyunca korrupsiyaya qarşı çıxarılan qanunların sayı getdikcə artsa da, bunun qarşısını almaq mümkün olmayıb. Hər gün milyonlarla rüşvət əldən-ələ dolaşır və nəticədə milyardlarla insan zərər görür.

Sosial iş üzrə mütəxəssis Elmir Valehli “MediaPost”a açıqlamasında rüşvətxorluğa səbəb olan əsas amillərdən danışıb. O, rüşvəti dünyanın hər yerinə yayılan epidemiyaya bənzədib:

“Rüşvət dünyanın ən demokratik və inkişaf etmiş ölkələrindən tutmuş iqtisadi gücü və əhalinin yaşayış səviyyəsi aşağı olan dövlətlərə qədər hər yerdə mövcuddur. Bu narkomaniya kimi bir bəladır. Bir dəfə rüşvət alan şəxs daha sonra get-gedə həzz almağa başlayır. Sonda isə işlər çıxılmaz nöqtəyə gəlib çatır.

Bu, narkomaniyaya bənzəyir və həzz verməyə başlayırKorrupsiyanın yayılmasına səbəb ola iki amil eqoistlik və acgözlülükdür. Acgözlülük insanın xislətində var və bu rüşvəti yaradan səbəblərdən sadəcə biridir. Ona görə də rüşvət alanlar arasında həm yeni vəzifəyə keçmiş, həm də əvvəlcədən maddi durumu yaxşı olan şəxslər var. Bəzi insanlar rüşvətə problemlərin asan həlli kimi baxır. Düşünürlər ki, bir məsələni həll etmək üçün uzun bir prosesdən keçməkdənsə, rüşvət verərək rahatlıqla həll etmək olar. Rüşvət alanlar şərait yaratdığı üçün digər insanlar da rüşvət verməyə başlayır”.

Ekspertin sözlərinə görə, rüşvət həm də təzyiq vasitələrindən biridir: “Burada həm rüşvət alanın, həm də rüşvət verənin təzyiq etməsindən söhbət gedir. Rüşvət alan şəxs qarşısındakına pulu verməsi üçün təzyiq edir. Rüşvəti verən isə problemin məhz onun istədiyi kimi həll olunması üçün təzyiq edir. Bir dəfə rüşvət verən şəxs daha sonra bundan şantaj kimi istifadə edə bilər”.

E.Valehli rüşvətxorluğun cəmiyyətdə yaratdığı fəsadlardan da danışıb:

“Ayrı-ayrı şəxslərin aldığı rüşvət ucbatından bir toplumun üzvləri əziyyət çəkir, cəmiyyətdə inamsızlıq yaranır, hadisələr mürəkkəbləşir. Korrupsiyaya yol verənlər digərlərinədəyən ziyanı eqoistlikləri üzündən görmək istəmir və sırf öz mənafeləri üçün rüşvət almağı haqlı hesab edir. Korrupsiyaya bulaşanlar nə qədər çox maddi qazanc əldə etsələr, o qədər çox acgözlü olurlar. Ən pisi də odur ki, cəmiyyətdə rüşvət alanların sayı çoxaldıqca bu, günü-gündən daha çox qəbul edilir və həyat tərzinə çevrilir”.

Xəbərlər departamenti

Gündəm