Bu obyektlərin tikintisi üçün icazəni elektron şəkildə pulsuz almaq olar - ŞƏRH
16.04.2020 13:31 İqtisadiyyat

Bu obyektlərin tikintisi üçün icazəni elektron şəkildə pulsuz almaq olar - ŞƏRH

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Bir pəncərə” elektron müraciət sistemi vasitəsilə inşaat obyektlərinin tikintisinə və istismarına icazənin alınması prosesini elektron qaydada həyata keçirməyin mümkün olduğunu bildirərək sahibkarlara müraciəti elektron qaydada etməyi tövsiyə edib.

Tikinti üçün elektron müraciət sistemi ilə bağlı "MediaPost"a açıqlama verən iqtisadçı-ekspert, "Value&Sources" konsaltinq şirkətinin rəhbəri Rəşad Əliyev bildirdi ki, burada pulsuz və pullu xidmətlər təklif olunur:

"Pulsuz xidmətlərə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində göstərilən ekspertizası tələb edilməyən tikinti obyektlərinə aid icazələr aiddir. Məsələn, bura tikintisi üçün ekspertiza tələb edilməyən anbarlar, istehsalat sahələri, korpusları, anbar binaları, bəzi ofis və inzibati binaların tikintisinə icazələr daxil edilir.

Qeyd edim ki, bir sıra tikinti obyektlərinin tikintisi üçün ümumiyyətlə, icazə tələb edilmir. Məsələn, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli bir sıra obyektlərin, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla), hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, anten qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin və digər bir sıra obyektlərin tikintisinə icazə tələb olunmur.

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisinə də icazə tələb olunmur. Onlar üzrə yalnız məlumatlandırma icraatı həyata keçirilir".

Ekspet əlavə edib ki, tikintisinə müvafiq icazə tələb edilən layihələr üzrə icazənin elektron qaydada pulsuz xidmət çərçivəsində alınması, prosesi xeyli asanlaşdırır və icazələrin alınmasını şəffaflaşdırır:

"Qeyd edim ki söhbət təkcə tikintiyə icazələrin alınması deyil, eyni zamanda istismara qəbula icazədən gedir. Bu, tikinti sektoru üçün böyük irəlləyiş olacaq və bundan sonra bütün prosesin elektron qaydada aparılması daha yaxşı olardı.

Ekspertizası tələb edən layihələr üzrə elektron icazələrin alınması xidməti isə pulludur. Bir sözlə desək, tikinti sektorunda icazə prosedurunun elektron formata keçirilməsi müsbət haldır".

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan etdiyi xüsusi karantin rejimi ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti sektorunda çalışan sahibkarlara müraciət edərək www.birpencere.arxkom.gov.az internet səhifəsi vasitəsilə “Bir pəncərə” elektron müraciət sistemindən maksimum yararlanmağa çağırıb.

Xəbərlər departamenti

Gündəm