Bu ölkədə koronavirusa yoluxanların sayının 10 milyon olduğu düşünülür
05.08.2020 13:30 Gündəm Dünya

Bu ölkədə koronavirusa yoluxanların sayının 10 milyon olduğu düşünülür

Əfqanıstan Səhiyyə naziri Cavad Osmani ölkədə 10 milyon insanın yeni tip koronavirusa yoluxduğunun təxmin edildiyini açıqlayıb.

“MediaPost” xəbər verir ki, Osmani təşkil edilən mətbuat konfransında ABŞ-dakı Con Hopkins universiteti və ÜST-ün dəstəyi ilə ölkə miqyasında yeni bir araşdırma apardıqlarını söyləyib.

Araşdırmaya görə, ölkədə COVID-19-a yoluxanların sayının təxminən 10 milyon olduğunu vurğulayan Osmani, bu rəqəmin ölkə əhalisinin 31.5%-nə uyğun gəldiyini bildirib. 

Nazir, əksəriyyəti uşaq olmaqla Kabil əhalisinin yarıdan çoxunun bu xəstəliyə yoluxduğunu təxmin etdiklərini qeyd edib. Kiçik şəhərlərə nəzərən böyük şəhərlərdə yoluxma hallarının daha çox olduğunu dilə gətirən Osmani ölkədə pandemiyanın nəzarətdən çıxdığını deyib.

O, COVID-19-un ikinci dalğası ilə bağlı xalqa xəbərdarlıq edib.

Məlumat üçün bildirək ki, Əfqanıstanda koronavirus nəticəsində 1.288 nəfər həyatını itirib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm