Bu ölkədə koronavirusdan gündəlik ölüm sayı 4 mini ötdü
08.05.2021 10:26 Gündəm Dünya

Bu ölkədə koronavirusdan gündəlik ölüm sayı 4 mini ötdü

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 401 min yoluxma, virus səbəbindən 4 min 187 ölüm qeydə alınıb. Ötən günə olan ölüm sayı pandemiya dövründə Hindistanda qeydə alınan antirekorddur. Bu rəqəm ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub.

"MediaPost" Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək 21 milyon 892 min milyon yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının sayı 238 mini, aktiv xəstə sayı 3 milyon 723 mini ötüb.

Qeyd edək ki, martın əvvəlindən başlayaraq Hindistanda COVID-19 infeksiyasına gündəlik yoluxma və ölüm sayı sürətlə artır. Mütəxəssislər Hindistanda yoluxma sayının sürətlə çoxalmasının COVID-19 virusunun daha təhlükəli variantının (B.1.617) yayılması, habelə son aylar kütləvi siyasi və dini tədbirlərin keçirilməsi ilə bağlı olduğunu bildirirlər. COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq dərəcəsi daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.

Ekspertlər Hindistanda faktiki yoluxma sayının rəsmi rəqəmlərdən daha yüksək olduğunu bildirirlər. Ölkənin səhiyyə sistemi COVID-19 böhranı qarşısında aciz qalıb. Xəstələrin, o cümlədən ağır pasiyentlərin sayının çoxalması səbəbindən tibb ocaqlarında yer, tibbi ləvazimat çatışmazlığı yaşanır. COVID-19 səbəbindən ölüm sayının çoxalması isə krematoriyaların işini çətinləşdirib. Belə ki, meyit sayının krematoriyaların gündəlik iş potensialından çox olması səbəbindən meyitlərin şəhərlərin müxtəlif yerlərində, o cümlədən yaşayış məhəllələrində yandırılmasına (kremasiya) başlanılıb.

Xəbərlər departamenti

Gündəm