"Bu, rəsmi Bakının özü üçün problem yarada bilər" - Nahapetyanın fikirləri ilə bağlı İLGİNC AÇIQLAMA
Ermənistanın silahlanması Azərbaycana imkan verir desin ki, Ermənistan özünü silahlandırır, Fransa Ermənistanı silahlandırır və bu, Ermənistanın Azərbaycana hücum etməsi üçün atılan addımdır. Bütün bunların fonunda Azərbaycan da elan edə bilər ki, Ermənistanın ona hücum etməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görəcək. Hətta İrəvanın sərhədinə qədər gələ bilər. Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan deyib. Onun cəfəng açıqlaması isə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Bəs görəsən, onun sözlərində həqiqət varmı? Azərbaycanın İrəvan sərhədinə qədər irəliləməsi mümkündürmü?
Mövzunu "MediaPost"a şərh edən politoloq Turan Rzayev bildirib ki, Azərbaycanın Ermənistanı işğal etmək kimi bir niyyəti olsaydı, bunu lap əvvəldən həyata keçirərdi: "Çünki bunun üçün 44 günlük Vətən Müharibəsində və sonrakı proseslərdə real imkanları mövcud idi. Hələlik iki ölkə arasında yekun sülh müqaviləsi imzalanmayıb.
Faktiki olaraq bu gün də tərəflər arasında müharibə davam etməkdədir. Belə olan təqdirdə Azərbaycan Ermənistan ərazisində rahatlıqla düşməni sülhəməcburetmə əməliyyatlarına başlaya bilərdi. Amma göründüyü kimi Azərbaycanın istəyi yalnız beynəlxalq hüquqla tanınan və işğalda olan ərazilərinin azad edilməsi idi. Biz artıq bunu iki mərhələdə reallaşdırdıq. Yəni hazırda Azərbaycan öz torpaqlarını tam olaraq işğaldan azd edib. Belə olan təqdirdə rəsmi Bakının Ermənistan ərazilərinə girməsi və oraları işğal etməsi, hətta İrəvana qədər irəliləməsi ehtimalı real deyil. Bu, rəsmi Bakının özü üçün problem yarada bilər".
Politoloqun sözlərinə görə, Azərbaycan yalnız beynəlxalq hüquq çərçivəsində hərəkət edir: "Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanına ərazilərinə heç vaxt iddia irəli sürməyib. Bəli, bu ərazilər bizim tarixi torpaqlarımızdır. Amma bu, o demək deyil ki, Azərbaycan həmin əraziləri işğal edəcək. Prezidentin də dediyi kimi, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına geri dönəcəklər. Amma bu, müharibə ilə deyil, sülh və diplomatik üsulla baş tutacaq. Odur ki, regionda heç bir işğal faktı mövcud deyil və bütün bunlar Qərbin uydurmasıdır. Çünki Qərb Ermənistanı silahlandırır və müharibəıyə hazırlayır. Belə olan halda İrəvanın hücum etmək ehtimalı daha çoxdur. Qərbin istəyi Ermənistanın Azərbaycan ərazilərinə hücum cəhdini həyata keçirməkdir. Daha sonra isə Azərbaycan qoşunlarını Ermənistan ərazilərinə çəkmək və rəsmi Bakıya qarşı beynəlxalq təzyiq formalaşdırmaqdır. Proses tam olaraq bundan ibarətdir. Digər yayılan iddialar isə tamamilə yalan və uydurmadır".