Bu şəxslərin ipoteka kreditlərinə güzəşt olunmayacaq - İZAH
25.04.2020 18:29 İqtisadiyyat

Bu şəxslərin ipoteka kreditlərinə güzəşt olunmayacaq - İZAH

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.

Bu barədə Mərkəzi Bankın koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərarında qeyd olunur. Belə ki, 1 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən bank sahəsi üzrə ekspert Elman Sadıqov bildirdi ki, burada ödənişi 30 gündən çox gecikdirilməyən ipoteka kreditləri nəzərdə tutulur:

"Bu kreditlərin əsas borc və ya faiz üzrə gecikməsi ya olmamalı, ya da 30 günə qədər olmalıdır ki, bu kreditlər də qənaətbəxş kreditlər hesab edilir. Bunun üçün tarix mart ayının 1-i müəyyən olunub. Yəni borclu şəxsin ipoteka krediti üzrə gecikməsi, qeyd edilən vaxtdan 30 gündən çox olmamalıdır. Əgər borclu şəxs kreditini həmin tarixə qədər 30 gündən çox gecikdiribsə, bu zaman həmin şəxslərin krediti restrukturizasiya olunmayacaq. Çünki ipoteka kreditini aylardır ödəməyən şəxslər bunun pandemiya ilə əlaqəli olduğunu iddia edə bilməzlər. 1 mart tarixindən sonra olan gecikmə günləri isə kreditin restrukturizasiyası üçün problem yaratmır".

Ekspert həmçinin əlavə edib ki, güzəşt yalnız pandemiyadan zərər çəkmiş sahədə çalışan şəxslərin ipoteka kreditlərinə şamil olunur:

"Pandemiya ilə əlaqədar faktiki olaraq iş yerlərini və ya gəlirlərini itirən şəxslərin ipoteka kreditləri restrukturizasiya oluna bilər. Bank araşdırma apararaq həmin şəxsin həqiqətən ziyan çəkdiyini və ödəmə qabiliyyətini itirdiyini müəyyən edəcək. Əgər pandemiya dövründə kredit ödəyicisinin zərər çəkmədiyi, gəlirini itirmədiyi müəyyən olunarsa, həmin şəxslərə güzəştin olunması nəzərdə tutulmur. Kreditini restrukturizasiya etmək istəyən müştərilər isə özləri müvafiq banklara müraciət etməlidirlər".

Xəbərlər departamenti

Gündəm