Bu yay məzuniyyətlər ləğv olunacaqmı? - AÇIQLAMA
27.04.2020 12:50 Gündəm

Bu yay məzuniyyətlər ləğv olunacaqmı? - AÇIQLAMA

Koronavirusa görə ölkəmizdə karantin rejiminin elan edilməsi ilə əlaqədar bir sıra dövlət qurumlarının və özəl şirkətlərin tətilə buraxılması normal iş rejimində dəyişikliyə səbəb olub. Bəzi qurum və şirkətlərin işçiləri evdən işləsələr də, ödənişli məzuniyyətə göndərilənlər də çoxdur. Bu isə yayda məzuniyyət məsələsinin necə tənzimlənəcəyi ilə bağlı suallar doğurub.

Mövzu ilə bağlı “MediaPost”a danışan hüquqşünas Əkrəm Həsənov məzuniyyətin qanunvericiliklə tənzimləndiyini deyib:

“Bu məsələ Əmək Məcəlləsində “boş dayanma” adlanır. Yəni tərəflərin heç birindən- həm işəgötürən, həm də işçidən asılı olmayan səbəbdən işin olmaması boş dayanmadır. Bu halda işçilər iki əsasla: ödənişli və ya ödənişsiz məzuniyyətə göndərilə bilər. İşçilər ödənişsiz məzuniyyətə o halda göndərilə bilər ki, əmək müqaviləsində belə bir şərt olsun.

Bu yay məzuniyyətə gedə biləcəyikmi? - AÇIQLAMA

Bizim praktikada əmək müqavilələrində əsasən belə şərt olmur. Buna görə də işçini pulsuz məzuniyyətə göndərmək olmaz. Bu səbəblərdən işçilər ödənişli məzuniyyətə göndərilib. Əgər hansısa qurum və ya şirkət ödəniş etməyibsə, deməli o qanun pozuntusuna yol verib. Vətəndaş bu halda məhkəməyə şikayət edə bilər. Bu isə heç bir halda işçinin əmək məzuniyyətinə çıxmasına təsir etmir. Yəni işçi hər bir halda nəzərdə tutulduğu kimi növbəti əmək məzuniyyətindən planlaşdırılan vaxtda- yayda və ya payızda - istifadə edə bilər”.

Hüquqşünasın sözlərinə görə, bu yay faktiki olaraq bir sıra müsəsisələrin işçiləri bu yay məzuniyyətə göndərilməyə bilər:

“Məzuniyyətlərin vaxtı ilə bağlı dəyişiklik qanun səviyyəsində gözlənilmir, amma faktiki ola bilər. Çünki ölkəmizdə əmək qanunvericiliyinə bir sıra hallarda əməl olunmur, işəgötürənlər vəziyyətdən sui-istifadə edirlər. Ola bilər ki, işə götürən işçini yayda sənəd üzərində məzuniyyətə göndərsə də, işə çağırsın. Bu, əlbəttə, qanun pozuntusudur və vətəndaş buna görə işlədiyi müəssisədən şikayət verə bilər”.

Ə.Həsənov Azərbaycanda işçilərin çalışdığı müəssisədən şikayət etməkdən çəkindiyini bildirib:

“İşçi bu halda çalışdığı müəssisəni məhkəməyə verərək təzminat ala bilməsə də, dövlətin həmin quruma və ya şirkətə qarşı tədbir görməsinə nail ola bilər. Əgər işçiyə məzuniyyətə göndərildiyi dövrdə hansısa mənəvi zərər dəyibsə, o zaman bunun əvəzini tələb edə bilər. Bizdə adətən işçilər iş yerlərini itirməmək üçün məhkəməyə müraciət etməkdən qorxurlar”.

Xəbərlər departamenti

Gündəm