"Bunlar aradan qalxarsa, məmur özbaşınalığına son qoyulacaq" - ŞƏRH
04.02.2020 11:55 Fikirlər

"Bunlar aradan qalxarsa, məmur özbaşınalığına son qoyulacaq" - ŞƏRH

“Sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər”.

“MediaPost”un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Bunlar aradan qalxarsa, məmur özbaşınalığına son qoyulacaq

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, məmurların, əsasən də yerli icra hakimiyyətlərinin biznesə müdaxiləsi uzun illərdir davam edən xroniki xəstəliklərdən biridir:

"Son zamanlarda prezident bununla bağlı dəfələrlə fikrini bildirib. Bu məsələdə məmur özbaşınalığı nəticədir. İlk öncə nəticəni doğuran səbəblər aradan qaldırılmalıdır. Qanunlara dəyişiklik edilməli, rəqabət məcəlləsi qəbul olunmalı, yerli icra hakimiyyəti orqanlarının müdaxilə səlahiyyətləri və sərhədləri müəyyənləşməlidir. Bu sərhədlər çox dəqiq olmalıdır ki, iş adamları da harada müdaxilənin baş verdiyini gördükdə müəyyənləşmiş qanunlar çərçivəsində müdaxilənin qarşısını ala bilsin. Bunun dünya praktikasında effektiv həll yolu ədalətli və tez çalışan məhkəmə sistemidir. Məmur özbaşınalığı, onların biznesə müdaxiləsinin qarşısını ala biləcək ən təsirli üsul məhkəmə hakimiyyəti olmalıdır. Ölkəmizdə bu məsələdə axsamalar var. Bunlar aradan qalxarsa, məmur özbaşınalığına son qoyulacaq. Məmurlar həm də qanunlardan, məhkəmədən, cəzalardan qorxmalıdır. Cəzasızlıq mühiti var deyə, məmur özbaşınalığı da davam edir. Bunun üçün də məhkəmə hakimiyyəti çevik və işlək olmalıdır".

Xəbərlər departamenti

Gündəm