"Bunun da yoluxma saylarının artımında müəyyən qədər rolu oldu"
05.11.2020 13:12 Hərbi Sosial

"Bunun da yoluxma saylarının artımında müəyyən qədər rolu oldu"

Bir müddət əvvəl mütəxəssislər xəbərdarlıq etmişdilər ki, ilin soyuq fəsillərində bütün tənəffüs yolları infeksiyalarının artımı gözlənilir. Hazırda biz həmin dövrə çatmışıq. Həmin infeksiyaların artım səbəbi soyuq havanın tənəffüs yollarının müdafiə qabiliyyətini zəiflətməsi nəticəsində infeksiyalara qarşı həssaslığın yaranmasıdır. Bunlara qrip və qripəbənzər xəstəliklər, digər tənəffüs infeksiyaları, o cümlədən yeni növ koronavirus (COVID-19) aiddir. Yoluxma saylarının belə kəskin artımında bizdən asılı olmayan səbəblərdən biri budur. Lakin bizdən asılı olan səbəblər də var. Son bir aydan başlasaq, bu, bir qədər psixoloji məsələlərlə bağlıdır. Yəni, müharibə dövründə biz psixoloji olaraq infeksiyadan qorunma qaydaları sanki ikinci plana keçirik. Bunun da yoluxma saylarının artımında müəyyən qədər rolu oldu.

"MediaPost" xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov azərtac-a deyib

“Hazırda ölkəmizdə xüsusi karantin rejimi davam edir. Karantin rejimində məhdudiyyətlər tətbiq olunsa da, müəyyən müddətdən sonra yumşaldılmalara gedilir. Bu zaman təmaslar artır. İnsanlar özlərini yaxşı qorumasalar, təmasların çoxalması da yoluxma saylarını artıra bilər. Ona görə də təmaslar artdıqca biz özümüzü daha ciddi qorumağa çalışmalıyıq. Belə olan halda biz yoluxmaları nəzarətdə saxlaya bilərik. Bir müddət əvvəl məktəblər də açılmışdı, müəssisələr, ictimai nəqliyyat vasitələri tam gücü ilə fəaliyyət göstərirdi. Bu da təmasların sayını artırdı. Təmaslar artdıqca qorunma qaydalarına daha ciddi əməl etsək, yoluxma sayları da artmaz. İndiki dövrdə çox diqqətli olmalıyıq. Müharibə davam edir. Cəbhədən gələn şad xəbərləri, böyük qələbəni səbirsizliklə gözləyirik. Bu zaman COVID-lə mübarizə də nəzərdən qaçırılmamalıdır. Çünki bizim səhiyyə sistemimiz ordumuzun, əsgərlərimizin xidmətində olmalı, koronavirusla xəstələnmiş ağır xəstələrlə yüklənməməlidir. Biz özümüzü, ətrafdakıları qorumaqla vətənpərvərlik hisslərini ortaya qoymuş oluruq. Ola bilər qorunmayan şəxs özü xəstəliyi yüngül keçirəcək. Həmin şəxs düşünməlidir ki, infeksiya mənbəyinə çevrilib bir neçə nəfəri yoluxdura, yoluxdurduğu şəxslər isə ağırlaşmış vəziyyətdə xəstəxanaya yerləşdirilə bilərlər. Xüsusən bu dövrdə daha çox ehtiyatlı olub ciddi qorunmalıyıq. Bu da qələbəmizin yaxınlaşmasında rol oynaya bilər”, - deyə A.Qurbanov bildirib.

Onun sözlərinə görə, qorunma qaydalarına düzgün əməl etməmək də yoluxma saylarının artımına səbəb olur: “Maskanı düzgün taxmırıq, gah çənəmizdə saxlayır, gah da ağzımızı örtürük, burun isə açıq qalır. Əslində maska ağız və burunu, yəni tənəffüs yollarını örtməlidir. Bəzən vətəndaşlarda səhv təsəvvür yaranır ki, maskanın hazırlandığı parçanın məsamələri virusun ölçülərindən böyükdür və virus o məsamələrdən keçir. Əslində maska virusu deyil, danışdıqda, asqırıb-öskürdükdə yuxarı tənəffüs yollarından ətrafa çıxan aerozolları saxlamaqdan ötəridir. Virus həmin aerozolların içərisində yayılır. Biz maskanı yalnız aerozolu saxlamaq üçün taxırıq. Maskanın düzgün istifadə edilməsi bizi qoruya, əks halda isə yoluxma saylarını artıra bilər. Digər vacib şərt sayılan məsafə saxlanılması vacib olsa da, bəzi hallarda mümkün olmur. Bəzən ictimai nəqliyyatda biz özümüzü sıx təmaslardan qoruya bilmirik. Lakin maska taxmaqla sıx təması da kompensasiya etmiş oluruq.

Əl gigiyenasına əllərin diqqətlə yuyulması və lazım gəldikdə dezinfeksiyaedici maddələrlə, antiseptik məhlullarla dezinfeksiyası aiddir. Əllər yuyulduqda onların bütün səthi yuyulmalıdır. Bu zaman virus bizim əlimizi tərk edə bilər. Əlimizi su ilə islatsaq, lakin yaxşı yumasaq, bu da bizim yoluxmamıza səbəb ola bilər”.

Xəbərlər departamenti

Gündəm