"Burada nə sizə, nə mənə, nə də Mark Zukerberqə söz demək düşməz" - MÜSAHİBƏ
05.02.2020 11:13 Fikirlər

"Burada nə sizə, nə mənə, nə də Mark Zukerberqə söz demək düşməz" - MÜSAHİBƏ

Səyahət blogeri və televiziya aparıcısı Nərmin Knyazın "MediaPost"a müsahibəsi:

- Blogerlik günümüzün trendidir. Xanımların əksəriyyəti xarici mediada bəyəndiyi fenomenlərin geyimlərindən tutmuş, şəkillərdəki duruşuna qədər eyniləşdirməyə çalışır. Sizcə bu təqlid deyil? Sosial mediaya özümüzəməxsus nələrsə gətirmək olmaz?

- Universitet vaxtı bir naşirlə görüşdə idik, “kitablar” və “kitab oxumaq” üzərindən müzakirələr aparırdıq. Orada naşirə sual verdilər ki, “ədəbiyyat” belə adlandıra bilmədiyimiz şeyləri niyə nəşriyyat evləri nəşr edir? "Bir yazıçı pis yazırsa, qoy yazsın. Hətta yazmaq istəyən hamı yazsın. İnsanlar da oxusun. Onlar bir-birinə baxıb yazdıqca, özləri də bilmədən ədəbiyyatı inkişaf etdirəcək, müzakirələrə yol açacaqlar"- deyə naşir maraqlı bir cavab vermişdi. Düzdür, blogerlik mövzusuna kitablar üzərindən misal gətirməyim çox düzgün deyil, amma düşünürəm ki, təqlid etmək pis deyil. Baxır kimi təqlid edirsən və ən əsası öz tərzini buna qatırsanmı... Eyni geyimi hamımız geyinə bilərik, amma hər kəsdə o effekti verməz. (gülür)

Kanalları bizdəki kimi bayağı verilişlərdən ibarət deyil...

- Sosial medianın televiziyanı üstələdiyi barədə fikirlər var. Həm televiziya işçisi, həm də sosial media nümayəndəsi kimi bu barədə nə düşünürüsünüz?

- Məncə də, günümüzdə, sosial media televiziyanı üstələyir. Artıq televiziya verilişlərinin istədiyimiz hissələrini sosial mediadan izləyirik. Bu barədə çox düşünmüşəm. Əgər belədirsə, inkişaf etmiş ölkələrdə niyə tele-verilişlər sıradan çıxmır? Əksinə, gündən-günə kanalların sayı artır. Fikrimcə, onlar hər şeyin doğru istifadə qaydasını bilirlər. Kanalları bizdəki kimi bayağı verilişlərdən ibarət deyil. Əksinə, sanki televiziya mədəniyyəti formalaşdırıblar. Məsələn, dünyaca məşhur serialları izləyə biləcəyiniz bir kanal və sairi bura əlavə etmək olar. Bu barədə çox danışa bilərəm. Təəssüf ki, bizdə insanlar keyfiyyətli işə az maraq göstərir, amma düşünürəm ki, düzələcək. Əvvəllər insanlar bayağılıq istəyir deyə, sanki biz də onu edirik kimi bir düşüncə var idi. Bu gün şəxsən mənim əməkdaşlıq etdiyim kanalda, əksinə, tamamən doğru istiqamət, keyfiyyətli kontent üstün tutulduğundan, həm sevinirəm, həm də hər şeyin yaxşıya doğru dəyişəcəyinə ümid edirəm.

- Blogerlər müxtəlif sahələrdə (dərman preparatları, gözəllik mərkəzləri, dil kursları, geyim dükanları, kosmetik vasitələr) reklam işləri ilə də məşğuldur. Onların reklam etdiyi məhsullara nə qədər güvənmək olar?

- Bu nisbi məsələdir. İnsanlar şəxsi həyatlarında belə güvənəcəkləri insanları özləri seçir . Əgər bir izləyici bu gün “bu yay 10 kq arıqladım, çünki filan dietoloqun yanına getdim” deyib, sabah (ya 3 gün sonra), “əslində, hamı soruşur necə arıqladınız, çünki filan çaydan içirdim “ deyən və dedikləri ilə təzad yaradan blogerin sözünə inanıb ondan “yararlanırsa” artıq burada nə sizə, nə mənə, nə də Mark Zukerberqə söz demək düşməz.

Kanalları bizdəki kimi bayağı verilişlərdən ibarət deyil...

- Siz həm də səyahət blogerisiniz. Yaddaşınızda iz buraxan hadisə olub?

- Çox olub. Əvvəllər tempə uyğunlaşa bilmirdim, çəkilişdə olanda bir şəhərdən, o biri şəhərə tez keçirdik və beynim bu şəhəri anlayana kimi artıq digər şəhərdə olurduq. Amma indi çox uyğunlaşmışam, hər yerdə oranı duymağa çalışıram və mütləq hər şəhərin yadda qalan hadisəsi olur.

Əslində, ekstrimdən qaçan insanam, amma hara gedirəmsə, ekstrimsiz gün keçmir. Həyəcan maksimum həddədir! Əsas maraqlı hissələr də daha çox kadrarxasında olur. Bodrumda etməli olduğum tapşırıqlardan biri (verilişin formatına uyğun) Dovşan adasına getmək idi. Və bu ada su yoludur, amma adaya piyada dizə qədər olan suyun içindən getməlisiniz. Suyun da dibində daşlar və dəniz kirpiləri var. Çox çətinliklə çatdıq, amma ada hasara alınmışdı, arxeoloji qazıntılar gedirdi. Biz də etmədik tənbəllik, fırlandıq adanın arxa hissəsindən keçdik. Çox gözəl kadrlar alındı və əziyyətimizə dəydi!

- Lənkərana səfər zamanı oranın sonuncu xanı Cahangir xanın 94 yaşlı nəvəsi ilə tanış olmusunuz. Sizdə hansı təəssürat yaratdı?

- Əvvəlcə onu deyim, yaşlı, cavan, uşaq fərq etmir, hər bir insanın öz hekayəsi var və düşünürəm ki, insanlar bir-birilərinin qarşısına çıxırlarsa, bu təsadüfi deyil. Onlarda sənin həyatına və səndə onların həyatına yerləşdirəcəyin pazlın (puzzle) bir parçası var. Son vaxtlar, qarşıma çıxan hər insanla söhbət etmək şansım olur. Və hərədən də bir şey öyrənirəm. 94 yaşlı bir qadın düşünün, xanlıq dönəmini görən, fiziki gücü qalmayan , amma gəncliyinin ən həssas hissəsini xatırlayan, uşaqlıqda yaşadığı anları həvəslə danışan... Əslində, o danışır, sən özünü dinləyirsən kimi hiss edirsən, keçmişinə və ya gələcəyinə baxırsan, ya da zaman anlayışını artıq keçimisən... O isə sənə gülümsəyir, yaşının ağırlığı, əlinin qırışına, gözünün bəbəyini örtən ala pərdəsinə, necə yüklər daşımış belinin büküşünə baxmayaraq nəcibliyini qoruyur, ayağa qalxır, ən əziz qonağıymışsan kimi səni qapıya qədər ötürməkdə israr edir...

Kanalları bizdəki kimi bayağı verilişlərdən ibarət deyil...

- Azərbaycanda gənclər arasında kitaba marağın az olduğu düşünülür. Siz bir çox blogerdən fərqli olaraq sosial media hesabınızda kitablarla bağlı tez-tez paylaşımlar edirsiniz. Kitaba marağı artırmaq üçün nə təklif edərdiniz?

- Kitaba maraq elə bir şeydir ki, təəssüf, bir yaşdan sonra yaratmaq çətin məsələdir. Bu, ailədən gəlməlidir. Mən özümü tanımağa başlayandan ailədəki hər kəsin əlində kitab görmüşəm, hətta yadıma düşür uşaq vaxtı gizlincə nənəmin iş otağına girib kitablarını oxumaq istəyərdim (Gizlin olmağına çox da ilişməyin, o otaq mənimçün sirlər dünyası kimi bir yer idi, oradakı hər əşya toxunulmaz gəlirdi deyə belə düşünürdüm). Ona görə də, əsas istəyim uşaqların kitab oxumasıdır. Rayonlarda məktəbli görəndə kitab hədiyyə göndərirəm, hətta düşünürəm, öz üzərimdə kitab gəzdirim. Bəlkə beləcə, onların həyatına toxuna bilərəm, oxumaq həvəsləri başlayar. Və ən əsası ilk oxunulacaq kitabı doğru seçmək lazımdır. O ki qaldı, öz bloqumda (səhifəmi bloq adlandırmağı sevməsəm də) oxuduqlarımı daim bölüşürəm, çünki yararlananlar, hətta öz oxuduğunu bölüşənlər olur, çox sevinirəm belə izləyicilərim var, daima da kitabla bağlı paylaşımlara zövqlə davam edəcəm.

Xəbərlər departamenti

Gündəm