“Bu dərəcədə səs-küy yaradacığını bilməzdim” – Əməliyyat masasında oxuyan əsgər
05.11.2020 15:28 Şou-biznes Qarabağ Azərbaycandır

“Bu dərəcədə səs-küy yaradacığını bilməzdim” – Əməliyyat masasında oxuyan əsgər

“Qəlpə yaram və qolumda sınıq var. Amma buna rəğmən özümü çox yaxşı hiss edirəm. Bunu yara hesab etmirəm, çünki Vətən yolunda canımdan keçməyə hazıram”.

Bu sözləri “MediaPost”a açıqlamasında əməliyyat masasında “Qarabağ” mahnısını oxuyarkən videosu yayılan əsgər Məbud Əhmədov deyib.

O, görüntülərinin bu dərəcədə səs-küyə səbəb olacağından xəbərsiz olduğunu bildirib:

“Əməliyyat masasında həkim dedi ki, oxu, səni videoya çəkək. Axşam bir də gördüm ki, Roza Zərgərli, Natavan Həbibi məni paylaşıb. Həkimlər sosial şəbəkələrdə yazılanları göstərdi. Yazılanlardan çox şad oldum. Hazırda bütün kanallar, saytlar mənimlə danışmaq istəyir. Amma əsas fikrim cəbhədədir. Əsgər yoldaşlarımın döyüşlərdən sağ-salamat, zəfərlə qayıtmasını diləyirəm. Mən də sağalandan sonra onlarla çiyin-çiyinə yenidən döyüşməyə hazıram”.

Qeyd edək ki, M. Əhmədov Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solisti, tanınmış xanəndədir. Tamaşaçılar Məbudu daha çox ATV-də yayımlanan “Üçümüz” proqramından tanıyır.

 

Pərviz Hüseyn

Gündəm