Bütün şəxsi məlumatlarımız bu kodda saxlanılır
22.04.2020 09:10 Cəmiyyət

Bütün şəxsi məlumatlarımız bu kodda saxlanılır

FİN kod - şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsidir. Əvvəllər PİN kod adlanırdı. Fərdi identifikasiya nömrəsi şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur.

Hazırkı rəqəmsal sferanın böyük miqyasını nəzərə alaraq əslində FİN şəxs haqqında hansı məlumatları verməlidir?

Mövzunu “MediaPost”a şərh edən rəqəmsal cəmiyyət və media üzrə beynəlxalq mütəxəssis Emin Hüseynzadə FİN ilə nələr etməyin mümkün olduğundan danışıb.

Onun sözlərinə görə, FİN insan dünyaya gəldikdə ona təqdim olunmalıdır ki, həyatı asanlaşdırsın:

“Uzun illərdir ki, dünyanın inkişaf etmiş ölkələrində verilən FİN vətəndaşın ən vacib qeydiyyat nömrəsidir. Şəxsiyyət vəsiqəsindən və pasportdan da vacibdir. FİN insan dünyaya gəldikdə ona təqdim olunmalıdır ki, bütün ömrü boyu yalnız bu koddan istifadə etməklə çoxlu əməliyyatlar yerinə yetirmək üçün digər sənədlər tələb edilməsin və həyatı asanlaşsın. Yəni FİN məhz insan həyatını asanlaşdırılması üçün yaradılmış sistemin bir parçasıdır. Harada ki, FİN az istifadə olunur, o ölkələrdə lazımsız sənədləmə, bürokratiya çoxdur.

Əslində, bütün işləri onlayn görmək imkanı verilməlidir. Bura firma qeydiyyatından keçirməkdən başlamış, həkimin yazdığı dərmanların kağızsız reseptlərlə apteklərdən məhz həmin xəstəyə verilməsinə qədər işlər görülə bilər. Buraya bütün notarius işlərini onlayn etmək imkanı, maliyyə, gömrük və vergi hesabatlarının verilməsi, hüquqi sənədlərin möhürlə deyil, məhz FİN ilə imzalanması, bank hesablarının açılması və s. daxildir”.

Qeyd edək ki, fərdi identifikasiya nömrəsi yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid koddur, heç vaxt dəyişilmir. Bu, şəxsiyyət vəsiqənizin fotoşəkliniz olan üzündə, sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur. Yeni nəsil şəxsiyyət vasiqələrində isə FİN ayrıca göstərilib.

Xəbərlər departamenti

Gündəm