Çavuşoğlu: "Önəmli olan bundan sonra atılacaq addımlardır"
12.11.2020 10:43 Qarabağ Azərbaycandır

Çavuşoğlu: "Önəmli olan bundan sonra atılacaq addımlardır"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən mətbuat konfransında çıxış edib.

"MediaPost" xəbər verir ki, o, Rusiya ilə Türkiyə arasında atəşkəs monitorinq mərkəzinin yaradılmasına dair memorandumun imzalandığını söyləyib.

"Qazanılan qələbəyə görə, başda Ali Baş Komandan İlham Əliyev olmaqla qəhrəman Azərbaycan Ordusunu və prezidentinin arxasında duran qardaş Azərbaycan xalqını təbrik edirəm. Təəssüf ki, hər dəfə hücum edən Ermənistan oldu, atəşkəsi pozan Ermənistan oldu, qan tökmək istəyən Ermənistan oldu. Qələbədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair atəşkəs imzalandı. Atəşkəsdə Ermənistan Baş naziri Nikol Paşinyanın da imzası var. Daha öncə də 3 dəfə imzalanan atəşkəs Ermənistan tərəfindən pozuldu. Ermənistan son atəşkəsə əməl etməsə, bədəlini ödəyəcəklər. Azərbaycanın istədiyi tək şey 30 ildir işğal edilən torpaqlarını geri almaqdır. Azərbaycan Qarabağ məsələsində hansı həll yolunu seçsə, biz Azərbaycanın yanında olacağıq. Davamlı olaraq atəşkəs deyənlərə bu cavabı verirəm. Azərbaycanın işğal edilən torpaqları geri verilməyəcəyi təqdirdə daimi atəşkəs olmaz. Torpaqların Azərbaycana qaytarılması ilə bağlı müqavilə imzalandı. Rusiyanın buradakı rolunu da təqdir edirik. Önəmli olan bundan sonra atılacaq addımlardır. Müqavilənin 5-ci maddəsi çərçivəsində Rusiya ilə ortaq monitorinq mərkəzinin yaradılmasına dair razılaşma əldə etdik. Bu prosesi qardaş Azərbaycanla koordinasiya etdik. Daha öncə də razılaşdırdığımız müqavilənin təfərrüatları açıqlandıqdan sonra dünən gecə Müdafiə naziri Hulusi Akar və Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında yekun sənəd imzalanıb. İndi bu işin təfərrüatları barədə danışacağıq. Bu, Azərbaycan torpaqlarında, Azərbaycanın uyğun hesab etdiyi yerlərdə olacaq. Bu mərkəz, nəzarət və monitorinq mərkəzi əlbəttə ki, vacib funksiyaları yerinə yetirəcəkdir. Konsensusu pozan hərəkətləri aşkar edəcək. Sabah Azərbaycanın uyğun gördüyü şərtlərdə atılacaq addımları da Türkiyə olaraq dəstəkləyəcəyik. Bu müddətdən Minsk qrupu həmsədrləri də dərs çıxarmalıdır. Fransanın bu müddətdə həmsədr olaraq son dərəcə qərəzli bir münasibət göstərdiyini görürük. Bunlar bu həmsədrlərin niyə 30 ildir problemi həll edə bilmədiklərini göstərir. Fransa obyektiv, balanslı bir münasibət göstərmədi. Azərbaycanın müsbət münasibətinə baxmayaraq, Fransa hər zaman Ermənistanı dəstəkləməyə davam etdi. Atəşkəsdən sonra da mənfi münasibətini davam etdirir", - deyə nazir qeyd edib.

Çavuşoğlu müqavilənin təfərrüatlarının Rusiyadan gələn nümayəndə heyəti ilə dəqiqləşdiriləcəyini söyləyib.

Anara Mikail

Gündəm