Çempionatda 10 klub: Futbolumuza necə təsir edəcək? - ŞƏRH
18.12.2019 12:57 Fikirlər

Çempionatda 10 klub: Futbolumuza necə təsir edəcək? - ŞƏRH

Gələn mövsüm Azərbaycan çempionatında 10 klub mübarizə aparacaq. İndiyədək klubların az olması və bölgə təmsilçilərinin yalnız Ağdam klubunun turnirdə iştirakı ciddi problemlərdən hesab olunurdu.

Bəs bu yenilik Azərbaycan futbolunun inkişafına hansı yöndə təsir edə bilər? Bu eyni zamanda bölgə futbolunun inkişafına töfhə verəcəkmi?

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən CBC sportun müxbiri Əli Cəfərov bildirib ki, çempionatda sayca nə qədər çox klub iştirak etsə, bir o qədər maraqlı və gərgin mübarizə izləyərik:

Çempionatda 10 klub: Futbolumuza necə təsir edəcək? - ŞƏRH

“Qeyri adi bir fikir olmasa da, onu demək istəyirəm ki, çempionata maraq qatan, rəngarəng edən məhz bölgə komandalarının olmasıdır. Mənə görə “Viləş”li, “Kəpəz”li, “Şəmkir”li , “Göyəzən”li , “Xəzər-Lənkaran”lı , “Simurq”lu ölkə çempionatı müxtəlif vaxtlarda daha maraqlı olub, nəinki indi . Bir neçə tur öncə “Zirə” – “Keşlə” oyununu stadiondan izlədim . Kənddəki mağaza satıcısından tutmuş, balaca uşaqların, digər kənd camaatının oyuna necə maraqla yanaşdıqlarını , çox soyuq olmasına rəğmən stadiona gəldiklərini gördüm. Yəni bu, hələ kiçik bir kənd komandasıdır. Burada belə maraq varsa, görün böyük futbol ənənələri olan regionlarımızın klubları yenidən çempionatda iştirak etsə, necə canlanma olar. Bu, istər-istəməz o bölgələrdə uşaq futbolunun inkişafında da yeni bir mərhələ olacaq . Beləliklə, yerli futbolçu yetişməsinə təkan verəcək və milli komandamız üçün oyunçu seçimini daha da genişləndirəcək”.

Məsələyə münasibət bildirən jurnalist Ceyhun Əliyev qeyd edib ki, inkişaf üçün əvvəlcə, münbit şərait yaradılmalıdır:

“Ötən axşam Ramin Musayevin bu açıqlaması heç bir peşəkarlığa sığmır. Hərçənd, rəhbəri olduğu qurumun adının (Peşəkar Futbol Liqası) elə ilk sözü “peşəkar”dan başlayır. Hazırda hüquq-mühafizə orqanları danışılmış oyunlarla bağlı araşdırma aparır. Artıq Tovuz təmsilçisinin 7 oyunçusu futboldan kənarlaşdırılıb. Bu dar macalda aləmi bir-birinə vurmaq heç bir məntiqə sığmır. Bilavasitə, sualınıza gəlincə, bir xatırlatma edim.

Çempionatda 10 klub: Futbolumuza necə təsir edəcək? - ŞƏRH

“Kəpəz” Premyer Liqada çıxış etdiyi ən uğurlu mövsümdə Avropa Liqasına vəsiqə əldə etdi. Həmin mövsüm Gəncə futbolunun neçə yetirməsi “Kəpəz”in formasını geyinirdi? Bir! Yalnız Tural Rzayev heyətdə yer alırdı. “Kəpəz” gözdən itdikdən sonra Rzayevə də heç bir elita klubumuzda yer tapılmadı. Çünki tələblərə cavab vermirdi. Yəni “Turan” Tovuzla “Kəpəz”in elitaya qaytarılması hansısa inqilabi sıçrayışa dəlalət etməyəcək”.

Ceyhun Əliyev əlavə edib ki, diqqətdə saxlamalı olduğumuz daha bir məqam azarkeş kütləsi ilə bağlıdır:

““Kəpəz” uğurlu çıxış etdiyi mövsümdə stadionda anşlaq müşahidə olunurdu. Eniş yaşanan kimi azarkeş sayı da, Bakıdakı oyunların sayı ilə bərabərləşdi. Futbola bu cür yanaşma düzgün deyil. Premyer Liqa klubları ilə ayaqlaşa biləcək yerli kadrlar olmalıdır. Bu yoxdursa, ad qoyub turnirə komanda buraxmaqla heç nə dəyişməyəcək. Bir o olacaq ki, Premyer Liqanın səviyyəsi bir az da düşəcək. Çünki yerli futbolçu onsuz da azdır, iki komanda gəldikdə, mövcud limitlə ən azı daha 20 azərbaycanlı oyunçuya yol açılacaq. İndiki yerlilər ortaya normal futbol qoya bilmirlərsə, gələn 20 oyunçunun hansı səviyyədə olacağını heç təsəvvürümə gətirmək istəmirəm”.

Xəbərlər departamenti

Gündəm