"Çempionlar Liqası: "Barselona" və "Leyptsiq" 1/8 finala yüksəlib - VİDEO
28.11.2019 06:10 Gündəm

"Çempionlar Liqası: "Barselona" və "Leyptsiq" 1/8 finala yüksəlib - VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarındakı komandalar qarşılaşıblar. Qarşılaşmaların yekununda İspaniyanın "Barselona" və Almaniyanın "Leyptsiq" komandaları 1/8 finala vəsiqəni təmin ediblər.

F qrupunda yer alan "Barselona" mərhələni Almaniyanın "Borussiya" (Dortmund) komandası üzərində 3:1 hesablı ev qələbəsi sayəsində adlayıb. Kataloniya komandasının heyətində 700-cü matçını keçirən Lionel Messi qollardan birinin müəllifi olub.

Qrupun digər matçında İtaliya "İnter"i Çexiyada "Slaviya"nı 3:1 hesabı ilə yenib. Nəticədə "Slaviya" 2 xalla qrupda qalıb.

G qrupundakı "Leyptsiq" isə 1/8 finala vəsiqəni Portuqaliya "Benfika"sı ilə ev oyununun uzatma dəqiqələrində təmin edib. Meydan sahibləri 0:2 hesabı ilə geridə olduqları vaxt səhnəyə Emil Forsberq çıxıb. İsveçli yarımmüdafiəçi "dubl" edərək, heç-heçədə önəmli rol oynayıb. Bununla da xalları 10-a çatdıran "Leyptsiq" növbəti mərhələni təmin edib. Rusiyada Fransa "Lion"una qalib gələn "Zenit" 2-ci pilləyə yüksəlib. İndi "Zenit"lə yanaşı, "Lion və "Benfika" da növbəti mərhələ şanslarını qoruyur.

Turnirin son qalibi "Liverpul" İngiltərədə İtaliyanın "Napoli" klubuna məğlubiyyətdən yaxa qurtarmağı bacarıb. E qrupunun digər matçında "Genk" Belçikada Avstriya "Zaltsburq"una böyük hesabla uduzub - 1:4. Bununla da "Genk" 1 xalla qrupda qalıb. Qalan 3 komanda isə növbəti mərhələ uğrunda mübarizə aparacaq.

Nəhayət H qrupunda "Valensiya" İspaniyada İngiltərənin "Çelsi" klubu ilə heç-heçəyə nail olub. Nəticədə "yarasalar" şəxsi oyunlardakı üstünlükləri sayəsində "zadəganlar"ı keçiblər.

Qrup liderliyinə isə yenə Hollandiya "Ayaks"ı yüksəlib. "Ayaks" bu tur Fransa "Lill"i üzərində inamlı qələbə qazanıb.

Beləliklə, Çempionlar Liqasının 1/8 final mərhələsinin 16 iştirakçısından yarısı artıq məlumdur. "Barselona" və "Leyptsiq"dən başqa bu hüquqa İngiltərənin "Mançester Siti" və "Tottenhem", İspaniyanın "Real Madrid", İtaliyanın "Yuventus", Almaniyanın "Bavariya", Fransanın PSJ klubları yiyələnib.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

27 noyabr

E qrupu

24:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:1

Qollar: Deyan Lovren, 65 - Dris Mertens, 21

24:00. "Genk" (Belçika) - "Zaltsburq" (Avstriya) - 1:4

Qollar: Alli Mbvana Samatta, Patson Daka, 43. Takumi Minamino, 45. Hi-Çan Hvanq, 69. Erlinq Braut Holand, 87

Xal durumu: "Liverpul" - 10, "Napoli" - 9, "Zaltsburq" - 7, "Genk" - 1.

F qrupu

24:00. "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:1

Qollar: Luis Suares, 29. Lionel Messi, 33. Antuan Qrizmann, 67 - Ceydon Sanço, 77

24:00. "Slaviya" (Praqa, Çexiya) - "İnter" (İtaliya) - 1:3

Qollar: Tomaş Suçek, 37 (pen.) - Lautaro Martines, 19; 88. Romelu Lukaku, 81

Xal durumu: "Barselona" - 11, "İnter" - 7, "Borussiya" - 7, "Slaviya" - 2

G qrupu

21:55. "Zenit" (Rusiya) - "Lion" (Fransa) - 2:0

Qol: Artyom Dzyuba, 42

24:00. "Leyptsiq" (Almaniya) - Benfika" (Portuqaliya) - 2:2

Qollar: Emil Forsberq, 90 (pen.); 90+6 - Pitsi, 20. Karlos Viniçius, 59

Xal durumu: "Leyptsiq" - 10, "Zenit" - 7, "Lion" - 7, "Benfika" - 4

H qrupu

21:55. "Valensiya" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:2

Qollar: Karlos Soler, 40. Daniel Vass, 82 - Mateo Kovaçiç, 41. Kristian Pulişiç, 50

24:00. "Lill" (Fransa) - "Ayaks" (Hollandiya) - 0:2

Qollar: Hakim Ziyeş, 2. Kvinsi Promes, 59

Xal durumu: "Ayaks" - 10, "Valensiya" - 8, "Çelsi" - 8, "Lill" - 1.

Xəbərlər departamenti

Gündəm