Cənubi Amerikanın ən böyük hava yolu şirkəti 2.700 işçini işdən çıxarır
05.08.2020 08:19 Gündəm Dünya

Cənubi Amerikanın ən böyük hava yolu şirkəti 2.700 işçini işdən çıxarır

May ayında iflas təxirə salma ilə bağlı müraciət edən Cənubi Amerikanın ən böyük hava yolu şirkəti "LATAM" işçilərin maaşlarını Braziliyadakı sənaye orta səviyyəsinə endirmək üçün həmkarlar ittifaqı ilə danışıqlardan nəticə ala bilməyib.

“MediaPost” xəbər verir ki, şirkət bu səbəblə maliyyəni azaltmaq üçün aralarında pilotların da olduğu ən azı 2.700 işçini işdən çıxarmağa qərar verib.

Şirkətdən edilən açıqlamada işdən çıxarma qərarının hava yolu işçilərinin həmkarlar ittifaqı olan “SNA” ilə “LATAM” arasında maaşların endirilməsi məsələsi ilə bağlı yaranan anlaşılmazlıq nəticəsində verildiyi bildirilib. 

Qeyd edək ki, pandemiya başlamadan öncə “LATAM”ın dünya miqyasında 43 min işçisi olub. İşçilərin çoxu isə Braziliya və Çilidəndir. 18 milyard dollar borcu olan “LATAM” pandemiya dövründə iflas təxirə salma müraciəti edən ən böyük hava yolu şirkətidir.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm